8 noyabr 2012 - 20:30

Hesabatda Zaqatala zəlzələsi ilə bağlı ayrılan vəsaitlərin fəlakət üçün deyil, zəlzələnin epsientrindən kənarda, ölkənin müxtəlif bölgələrində şəxsi və siyasi məqsədlər üçün istifadə olunması ilə bağlı məlumatlar yer alıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov noyabrın 8-də mediaya verdiyi açıqlamasında belə deyib: “Ötən ay baş vermiş zəlzələ ilə bağlı 3600 müraciət almışıq”.

Oktyabrın 14-də Balakən rayonunun Gürcüstanla sərhədində əvvəl 7, daha sonra 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Zaqatalada əvvəl 6, sonra 4 bal gücündə hiss olunub.

Elman Ramazanovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin komissiyası binalara dəymiş zərəri müəyyən edir: “May ayında baş vermiş zəlzələdən sonra 3152 evin qəzalı vəziyyətdə olduğu rəsmən təsdiqlənib. Evlərə baxış davam etdirilir. Çox güman ki, bu rəqəm artacaq, çünki qəzalı ev çoxdur. 2803 ev tamamilə sökülüb. Məktəblərin və 2712 evin tikintisi isə davam etdirilir. Çadırlarda yaşayan ailələrin sayı xeyli azalıb”.

İcra hakimiyyəti rəsmisi Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsinə gətirdiyi 6 ədəd yığma evdən də danışıb: “O evlərin 2-si Balakən rayonunda, 4-ü isə Zaqatalada quraşdırılır. Hər evə 10 ailə yerləşdiriləcək. Hər cür şəraiti olan bu evlərə vəziyyətə çox ağır olan ailələr köçürüləcək”.

Mayın 7-də Zaqatala rayonunda 12 ballıq cədvəl üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Zaqatala, Qax və Balakən rayonlarında dağıntılar törədib.

Bu arada “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı hesabat açıqlayıb. Hesabatda deyilir ki, mayda Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələdən ötən müddətdə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb: “Vəsaitlərin xərclənməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Amma müəyyən zaman keçməsinə baxmayaraq Zaqatala bölgəsində vəziyyət acınacaqlı olaraq qalır. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə və yüzlərlə sosial obyektə ciddi ziyan dəyib. 3200 ev qəzalı olduğuna görə üçürulub və yeni evlərin tikilməsinə qərar verilib. Amma 6 aydan çoxdur ki, insanların əksəriyyəti çadırlarda yaşayır və bu günə qədər hələ bir dənə də ev tikilib istifadəyə verilməyib”.

Hesabatda Zaqatala zəlzələsi ilə bağlı ayrılan vəsaitlərin fəlakət üçün deyil, zəlzələnin epsientrindən kənarda, ölkənin müxtəlif bölgələrində şəxsi və siyasi məqsədlər üçün istifadə olunması ilə bağlı məlumatlar yer alıb.

 “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının bu məsələləri araşdırdığı da bildirilir:

- FHN və podratçı şirkətlərin fəaliyyətində şəffaflıq, hesabatlılıq və cəmiyyətə açıqlılığın olmaması;

- fəlakət bölgəsində evlərin və xüsusən məktəblərin tikintisi ilə bağlı dövlət başçısının, eləcə də ictimaiyyətin aldadılması, verilən məlumatların yanlış olması;

- zəlzələ üçün ayrılan vəsaitin təyinatından kənar xərclənməsi, çirkli pulların yuyulması mexanizmləri;

- evlərin tikintisinin şişirdilmiş bazar qiymətləri ilə aparılması, tikinti materiallarının alınma mənbəyi və ilkin real qiyməti, vəsaitlərin mənimsənilməsi trayektoriyası;

- inşaat-tikinti işlərindən mütəxəssislərin uzaqlaşdırılması, onların yerinə ucuz işçi qüvvəsinin, təcrübəsiz şəxslərin cəlb edilməsi;

- podratçı təşkilatların monopoliyaya alınması, ailə-qohum maraqları və prinsipləri ilə idarə olunması və sairə.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır