Oxucular bilirlər, mən hələm-hələm öz yuxularımı qəzetə yazan deyiləm. Xoşlamıram bu üslubu. Adama deyərlər mənə nə qalıb sən yuxuda nə görürsən? Ona qalsa bu saat millətin hamısı yuxu görür, durub danışsalar, öz yuxularını yazmaq üzrə görkəmli mütəxəssislərimizdən olan yazıçı Əkrəm Əylisli istefa verər, Qonçarov “Oblomov”u cırıb atar, İmmanuil Bosx rəsmlərindən imtina edər. Ancaq dünən gecə elə əcaib yuxu görmüşəm ki, bunu mütləq yazmaq qərarına gəldim. Bəlkə kimsə inanmayacaq, bunu uydurma, fantaziya sayacaq, ancaq and olsun yuxu allahı Morfeyin qanadlarına, bu yuxunu mən gerçəkdən görmüşəm.
Demək, görürəm çayxanaya oxşar bir məkanda jurnalist həmkarım Şahvələd Çobanoğlu ilə əyləşib kamali-ədəblə (Dilçilik İnstitutunun təklifi ilə bu ifadə yaxın gələcəkdə “kamali-jalə ilə” şəklində işlənəcəkdir) çay içirik, özü də zoğal mürəbbəsi ilə. Hərəmizin də əlimizdə bir qəzet var, doğrusu, qəzetin adını yaxşı görə bilmədim, üzürlü sayın. Gələn dəfə çalışaram baxım görüm nə qəzetidir. Uzun sözün qısası, çaydan hortdada-hortdada mütaliə elədiyimiz məqamda bir dəstə polis yaxınlaşır, deyirlər ki, siz burda qanunu pozursunuz. Soruşuruq hansı qanunu, polis deyir: “Azərbaycanda zoğal mürəbbəsi ilə çay içərək qəzet oxumaq qadağandır”. Təsəvvür edirsinizmi? Ondan sonra yuxuda aləm qarışdı bir-birinə, deyəsən, polislər təpik vurub masanı aşırdılar, Şahvələd bəyi tutub apardılar, mən isə getmədim, əzmkarlıqla yuxudan oyandım. Yoxsa xəbəri sizə kim çatdırardı?
İndi soyuq başla oturub bu yuxunu Freyd üsulları ilə analiz edirəm, anlamağa çalışıram. Söhbət ondadır ki, son bir-iki ildə yapokratiya Azərbaycanda qəzet yayımına ardıcıl və amansız zərbələr vurmaqdadır, qəzet köşkləri demək olar sıradan çıxarılıb, əldə yayım məhv edilib. Yəqin bu səbəbdən mən yuxuda hətta zoğal mürəbbəli çayla qəzet oxumağın qadağan olması kimi absurd bir durumla rastlaşmışam.
Şahvələd Çobanoğlunun yuxunun tərkibinə daxil olması isə fikrimcə, onun qəzet yayımının problemləri ilə son illər ardıcıl məşğul olmasındadır. Bu mövzuda harda tədbir olsa orda Şahvələd bəyin də çıxışına mütləq yer verirlər. Hətta keçən ay Şahvələd bəylə Parisə getmişdik, orda fransızlara qəzet yayımında problemlərimizdən danışmışdı, onlar da halımıza bir-iki ağız ağlamışdılar, demişdilər, müsyö, başınız sağ olsun.
Ancaq zoğal mürəbbəli çay içərək qəzet oxumağın qanunla qadağan edilməsi, etiraf edim, həddindən artıq ağır söhbətdir. Yaxşı ki, belə şeylər yuxuda olur.
Yeri gəlmişkən, Bakıda yox edilən ənənəvi qəzet köşklərinin əvəzinə hazırda üzərində “Press-köşk” yazılan - guya mətbuat üçündür, ancaq yəqin biz burdakı “press” sözünü təzyiq kimi anlamalıyıq - yeni obyektlər yaradılır. Bunlar hərbi-strateji obyektlərdir, hər birinin altından Xəzər dənizinə yeraltı yol var, o cümlədən içində ermənilərə atmaq üçün raketlər saxlanılır.
Elə bilirsiniz zarafat edirəm? Qətiyyən. Çünki neçə aylardır qəzetlər çalışır bu köşklərin kimə, hansı firmaya məxsus olduğunu öyrənsin, ancaq öyrənə bilmir. Ortada cürbəcür şayiələr gəzir, biri deyir Bəylər Əyyubovun obyektləridir, o biri deyir Əli Həsənovun firmasıdır, başqası yazır marsiançiklərin yanacaqdoldurma məntəqəsidir və sairə. Qəzetlər öz məhsullarını kimin satdığını (əslində satmadığını, çünki bu köşklər gözdən pərdə asmaq üçündür, içində mətbuatdan başqa hər şey - it dırnağından tutmuş turp toxumuna, dəvə qığından dirijabl qazına qədər tapmaq olar) öyrənə bilmir! Belə anormal durum ancaq Azərbaycanda mümkündür. Elə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bu yaxında qəzetimizə açıqlamasında demişdi ki, bəlkə bu yeni köşklərdə narkotik satırlar.
Hamınıza şirin yuxular diləyirəm. Morfey köməyimiz olsun...
Zamin Hacı
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır