Əhli Beyt -ABNA- xəbər agentliyi- Salam, Hikmət müəllim. Sizə Nemətlə bağlı bir məlumat vermək istəyirəm. Daha doğrusu bu məlumatın əsasında bütün hüquq müdafiəçilərinə müraciət etmək istəyirəm. Müraciəti yazıb sizə göndərirəm. Anlaşılmaz bir hissə olsa, zəhmət olmasa əlaqə saxlayın izah edim. Ancaq xüsusi olaraq deyim ki, müraciət müdafiə komitəsi adından yayımlanacaq. Öncədən təşəkkür edirəm.
Nemət Pənahlını Müdafiə Komitəsi hüquq müdafiəçilərinə müraciət edib. Müraciətdə deyilir: “Hörmətli hüquq müdafiəçiləri! Azərbaycanın, demək olar, bütün hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Nemət Pənahlının həyatı ciddi təhlükə altındadır. Biz bu barədə məlumatı Nemət Pənahlının şəxsən özündən almışıq. Baş vermiş hadisəni onun dilindən eşitdiyimiz kimi diqqətinizə çatdırmaq istəyirik:
- Mənim saxlandığım korpusa yenicə salınmış dustaq bura gəldiyi gündən məni izləməyə başladı. Hara gedirdimsə, onu kölgə kimi arxamda görürdüm. Bunu o qədər qabarıq edirdi ki, hətta dustaqların çoxu da hiss etmişdi. Daha sonra bəzi dustaqlar mənə çatdırdılar ki, bu adamı dəfələrlə gecəyarı sənin çarpayının yanında görüb qovmuşuq.
Doğrusu, əqli zəifliyi dərhal hiss olunan bu adamın hərəkətlərini ciddiyə almırdım. Dustaqlarsa məni tez-tez xəbərdar edirdilər. Daha sonra eşitdim ki, dustaqlar onu möhkəm sıxışdırıblar və məni niyə izlədiyinin səbəbini soruşublar. Uzun çək-çevirdən sonra deyib ki, mən Neməti öldürən kimi məni həbsdən azad edəcəklər. Başa düşdüm ki, onu buna inandırıblar. Dərhal bu barədə rəhbərliyə məlumat verdim, aldığım cavabsa bu oldu ki, o adam ruhi xəstədir. Bu xəbər yayılan kimi onu bizim korpusdan çıxardılar...
Hörmətli hüquq müdafiəçiləri. Xatırlatmaq istərdik ki, bu, Nemət Pənahlının həyatına qəsd cəhdinin üçüncüsüdür. Birinci dəfə Bakı İstintaq təcridxanasında onunla bir otaqda qalan məhbus ülgüclə Nemət Pənahlıya hücum etmişdi. İkinci hadisə isə bir neçə ay bundan öncə baş verib. Dustaqlardan biri Nemət Pənahlıya arxadan stulla zərbə endirib. Bu hadisə dustaqların gözü önündə baş verib. Hadisədən sonra dustaqlar o adamı korpusa buraxmayıblar. Bu faktları nəzərinizə çatdıraraq sizdən məsələyə müdaxilə etməyinizi xahiş edirik”.
Müraciətin mətnini “Media forum” saytına Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı yollayıb.
Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub. 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır