Bu gün baş redaktor Nicat Əliyevin həbsdə saxlama müddətinin uzadılmasına dair məhkəməsi keçirilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyevin hakimliyi ilə qapalı prosesdə jurnalist Nicat Əliyevə yeni ittihamlar irəli sürülüb. CM-nin 167-2.2.1-ci maddəsinə əsasən, cinayət işinin istintaqı aparılır. Yeni ittihama səbəb , baş redaktorun yaşadığı ünvanda əldə edilən dini kitablar və disklərdir. Məhkəmənin qərarında qeyd edilib ki, Əliyev Nicat Nazim oğlunun mənzilindən götürülmüş Ərşad Əzimzadənin "Möcüzəsiz möcüzə", İsmayıl Əhmədovun "İmam Zamanla görüşənlər" və Şəhid Mürtəza Mütəhərrinin "Həmaseyi Hüseyni. İmam Hüseynin qəhrəmanlığı" kitabları AR Qanunun 22-ci maddəsinin tələblərinə əməl olunmadan ölkəyə idxal olunmuş və yayılmışdır.
Linqvistik-dinşünaslıq ekspertizasının rəyinə əsasən, Nicat Əliyevin mənzilindən götrülmüş "Eurovision" adlı DVD diskdə hakimiyyət orqanlarına dözümsüzlük və sosial nifrət aşılayan fikirlər aşkarlanıb.
Bundan başqa, Nicat Əliyev CM-nin 234.1-ci maddəsində ittiham olunur. Məlumatda qeyd olunur ki, baş redaktorun üstündən guya çəkisi 6.97 qram olan qurudulmuş marixuana aşkar olunub.
Bu gün keçirilən məhkəmə prosesində hakim Zəfər Quliyev istintaq müddətini 21 avqust 2012-ci ilədək uzadıb.
Prosesdən sonra baş redaktorun vəkili Anar Qasımlı bildirdi ki, qaldırılmış iki vəsatətlə bağlı (vəkilin iştirakı ilə ifadəsinin alınması və avtomobilin, 900 manat pulun qaytarılması) hələ heç bir xəbər yoxdur. Vəkil bildirdi ki, baş redaktor Nicat Əliyevin səhhəti normaldır.
Qeyd edək ki, Nicat Əliyev 20 may tarixində həbs olunmuşdu və barəsində 2 ay istintaq müddəti verilmişdir.