Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ötən il dekabrın 15-də Lənkəranın Nərimanabad kəndində balıqçıların üsyanı zamanı tutulanların məhkəmə prosesi mayın əvvəlində davam edəcək. Hazırda Kürdəxanı təcridxanasında saxlanılan balıqçılardan 4-nün azad olunacağı gözlənilir.
Bu barədə “Yeni Müsavat”a məlumat verən yerli sakinlərdən birinin sözlərinə görə, kənd camaatı balıqçılara bəraət veriləcəyini gözləyir. Əks halda onlar Nərimanabadda balıqçıların azadlığa buraxılması tələbi ilə etiraz aksiyalarına başlayacağını bildiriblər. Tutulanların işinə Lənkəran Rayon Məhkəməsində baxılacaq. Əhaliyə qeyri-rəsmi söz verilib ki, 4 nəfər azad oluna bilər. Həbsdəki balıqçılardan yalnız birinə iş kəsiləcəyi deyilib.
Maraqlıdır ki, bu günə qədər mediaya Nərimanabad olaylarına görə tutulanların sayının 4 nəfər olması bəlli idi. Ancaq bu yaxınlarda bəlli olub ki, hadisələrdən sonra əslində 5 nəfər həbs olunubmuş. Lakin hələlik onun adını dəqiqləşdirə bilməmişik.
Qeyd edək ki, rayonun balıqçılar kəndi olan Nərimanabad sakinlərinin polis və sərhədçilərlə qarşıdurması zamanı ilk olaraq Kainat Abbasov, İsmayıl Hüseynov, Fariz Məmiyev və Xalid Ələkbərov həbs edilib. Onların barəsində CM-in 315.1 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Həmin maddələr üzrə balıqçıları 3 ildən 7 ilədək həbs gözləyir. Amma onlara şərti cəza verilməsi də qanunda nəzərdə tutulub. Kənd sakinlərindən birinin isə verdiyi xəbərə görə, azyaşlı, səhhətində problemlər olan Kainat Abbasov və 60-dan çox yaşı olan İsmayıl Hüseynovun məhkəmə zalından azad olunacağı ehtimal edilir.
Yada salaq ki, həmin dövrdə Lənkəranın icra başçısı olmuş Tofiq İbrahimov üsyandan sonra kəndlilərlə görüşdə balıqçıların azad olunacağına söz vermişdi. Ancaq sözünün üstündə durmayıb.
Qeyd edək ki, üsyana səbəb balıq ovuna qoyulan məhdudiyyət və balıqçılardan Dövlət Sərhəd Xidmətinin Lənkəran üzrə rəisi Adil Abdullayevin “haqq” tələb etməsi olub. Belə ki, DSX rəisi hər balıqçıdan ova getmək üçün ayda 200 manat istəyib.
Sakinlər iddia edirlər ki, DSX rəsmiləri balıqçıları dənizin dərinliklərinə ona görə buraxmırlar ki, kimsə narkotik qaçaqmalçılarını və onların gəmilərini görməsin. Nəticədə dekabrın 15-də balıqçıların mitinqinin dağıdılması üçün kəndə Daxili Qoşunlar yeridilib, insanlara qarşı gözyaşardıcı qaz, rezin güllələr, elektroşoklardan istifadə olunub. Hazırda balıq ovuna qismən icazə verilir.
E.SALAMOĞLU
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyəistinad lazımdır