29 mart 2012 - 19:30

İş adamları «Binə» və «Sədərək»in bədnam «Eurovision»a görə bağlanmasını təsəvvür etmək belə istəmirlər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Mətbuatda «Eurovision» mahnı müsabiqəsinə görə paytaxtın ən böyük ticarət mərkəzləri olan «Sədərək” və “Binə” bazarlarının bağlanacağı barədə xəbər yayılıb. Xəbərdə bildirilir ki, bu barədə artıq iş adamlarına məlumat verilib. Səbəb də odur ki, şəhərin girşində yerləşən bazarlar tıxaclara səbəb olduğuna görə beynəlxalq müsabiqəyə problemlər yarada bilər.

Xəbəri yerində araşdırmaq üçün dünən “Sədərək” və “Binə” Ticarət mərkəzlərində olduq. İlk dayanacağımız “Sədərək”-dir. Burada səliqəli sıralara rast gəlmək mümkün deyil. Hər dükanın qarşısında ikinci mağaza açılıb. Bu “çöl” dükanlarında daha çox keçmiş mövsümdən qalan mallar satılır. Onların əksəriyyəti dəyərindən ucuz təklif olunur. Ticarət mərkəzində tək-tük alıcı gözə dəyir. İlk yaxınlaşdığımız mağazanın satıcısı Kəmalə xəbəri eşitdiyini deyir. O, tez-tez təkrarlayır: “Yox bağlamasınlar, onda biz nə edərik?! Dolanışıq çox çətindir. Alıcı yoxdur. Səhərdən heç siftə etməmişik”.

Növbəti sıradakı satıcı Rahim «may ayında işləməsək 1200-1500 manat ziyan edəcəyik deyir. Onun sözlərinə görə dükanların aylıq icarə haqqı 300 manata yaxın artırılıb. “Dörd ildir burda işləyirəm. Vəziyyətimiz ildən-ilə çətinləşir. Hamımız borcdayıq. Alıcılıq səviyyəsi çox aşağıdır. Camaat nə maaş alır ki?! Heç dərmana pul çatdırmırlar. Bunun hələ gündəlik dolanşığı var. Dükanı atıb gedə də bilirsən. Borcumuz çoxdur”.

Satıcı Kamil isə xəbəri qəzetdən oxuduğunu, ancaq gerçəkləşəcəyinə inanmadığını deyir. “Tıxaca görə lapBayıl yolunu bağlasınlar. Axı, bura Dərnəgül yolu ilə də gəlmək olar. Əgər elə bir şey olsa, çox ziyan edərik. Gətirdiyimiz «sezon» malları əlimizdə qalar”.

Adının yazılmasını istəməyən satıcı xanım da bu xəbərin şaiyə olduğunu deyir. “Rəsmi çağırıb deməyiblər. Bazarın 15 gün bağlanması bilirsən nə deməkdir?! Yer pulunu çıxara bilmirik. Bir ay bağlayıb yer pulunu da alacaqlar. Camaat gəlib güclə çörək pulunu çaxarır, alıcılığın səviyyəsi 50 faizdən çox aşağı düşüb. Zorla əlinin papağını vəlinin başına qoyub ayı yola veririk”.

Satıcı Nazilə də alıcılıq qabiliyyətindən şikayətlənir. Deyir ki, aylıq icarənin pulunuzorla qazanırlar. “Xəstə olanda belə evdə qalmıram ki, gündəlik 30 manat qazanmalıyam. O zaman icarəni toplaya bilərəm. Yer pulundan əlavə, banka da kredit ödəyirəm. Hə üstəlik gündəlik dolanışıq pulu… Əvvəl yenə Dağıstandan, Gürcüstandan alverçilər gəlirdilər. Malları onlara sata bilirdik. İndi gömrükdə onlara çətinlikıər yaradırlar. Biz də pis vəziyyətə düşmüşük. Bizə icazə verirlər nə qədər istəsək mal gətirə bilərik. Amma gətirdiklərimizi sata bilmirik axı”.

Satıcı Arif də bu xəbərə inanmır. Ancaq o da alıcılıq qabiliyyətindən şikayətçidir. “Səbəb yarmarkların sayının gündən-günə artmasdır. Əvvəl bir yaramakaya 10 alıcı düşürdü, indi on yarmarkaya on alıcı”.

Adının yazılmasını istəməyən digər satıcı da xəbərin doğruluğuna şübhə ilə yanaşır. Ancaq o, bazarın bir müddətlik bağlanmasına pis baxmır. “Burdakı işçilər heç olmasa həftənin bir gününün istirahət günü elan edilməsini istəyirdilər. Ancaq müdriyyət razılaşmadı. Dedilər özün istəyirsənsə istirahət et. O da sərf etmir. İldə iki dəfə istirahət günü olur bizə. Auşra və 20 yanvar günü. Ona görə bağlansa, heç kim etiraz etməz. Bir az dincələrik”.

Satıcı Vüqar xəbəri eşitdiyini ancaq müdriyyət tərəfindən deyilmədiyini təsdiqləyir. O da bazarın bağlanmasının tərəfdarı deyil. “Yer haqqını və gündəlik xərclərimizi çıxarmalıyıq. Satış da yoxdu. Bilmirik necə dolanaq. Hamımızın işçimiz var, onlar nə etsin? Camaat gündəlik burdan evinə pul aparır. Gəlir olsa da, olmasa da verməliyəm. Keçən il oktyabırında yer haqlarını da 3 manat qaldırdılar. Kvadrat metrinə 12 manat ödəyirdik, indi 15 manat oldu.  Banklardan kredit götürüb mal gətiririk, sonra ödəyə bilmirik yeni kredit götürürük. Köhnə bazarda alver yaxşı idi. Burda hər gün qapıdan boylanırıq görək kimsə varmı? Amma Binədə alıcılar var. Düzdü yer haqqı çoxdu, amma burdan yaxşıdır. Burda mallar ucuzdu. Bizi rayon xalqı saxlayır, onları da şəhərlilər”.

Növbəti dayancağımız “Binə” ticarət mərkəzidir. Burası “Sədərək”-dən çox fərqlənir, dükanların düzülüşü və təmizliyi ilə. “Çöl” dükanları azdır. Söhbətləşdiyimiz satıcıların əksəriyyəti araşdırdığımız mövzudan məlumatlı deyillər. Onlar da vəziyyətin ürəkaçan olmadığını bildirdilər.

Satıcı Mahir məlumatı eşitdiyini ancaq, dəqiq olmadığını deyir. O, «Binə»-nin digər problemlərindən də danışır. “Hər gün iki saat işıqları söndürürlər. Deyirlər qənaət edirik. Çin malı olan 15 manatlıq kassa aparatını 300 manata satıblar bizə. Hələ quraşdırmayıblar. 2500 manat arenda haqqı veririk. Üstəlik elektrik və mühafizə pulu da ödəyirik”.

Adının yazılmasını istəməyən iki satıcı ilə də söhbətləşirik. Onlar icraə pulunu vermək üçün gündə ən azı 100 manat qazanmalı olduqlarını bildirirlər. Bu səbəbdən bazarların bağlanması “N” qədər problem yarada bilər. “Köhnə bazardan bura nə gətirmişikdiksə hamısı gedib. Biz topdan mal satırıq.  Alıcı deyir, nisyə ver. Bir müddət sonra pulunu istəyirsən, deyir qazana bilməmişəm. Yoxdur, vur öldür. Dövr çətindir, camaatı qəsdən sıxırlar. Monopoliyanın qarşısı alınsa, bəlkə vəziyyət düzələr. Ümumiyyətlə, pulu olan burdan mal almaz. O, xaricə gedər. Kasıbın dabura gəlməyə imkanı yoxdur. Budur 47 manatlıq sayğacı 300 manata aldırıblar. İşıqları gündə söndürürlər. Əvvəl sayğac nə yazırdı özüm ödəyirdim. O da 5-7 manat pul yazardı. İndi işığa 30 manat ödəyirəm. Deyirlər, istəmirsənsə işıq gündə sönsün onda 50 manat ödə”.

Söhbətləşdiyimiz digər satıcılıar da adlarını açıqlamaqdan imtina etdilər. Onların bir neçəsi kassa aparatlarının quraşdırıldığını, digərləri isə bu faktın yalan olduğunu dedilər. Əksəriyyət isə bazarın bağlanacağına inanmadı.

Sonda bu iki ticarət mərkəzində rastlaşdığımız maraqlı bir faktı da yazaq. Bazarlara maşnların girişi sərbəst, çıxışı pulludur. Ərazini tərk edən hər maşın mütləq 0, 50 manat pul ödəməlidir. Bu pulun qarşılığında isə heç bir qəbz verilmir. Orta hesabla hər bazara gündə 20-30 min avtomobil daxil olursa, rəhbərliyin yol kəsib nə qədər pul qazandığını hesablamaq çətin deyil…

 

Günel Səfər

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır