16 mart 2012 - 20:30

Eldar Namazov: “Hökumət 14 martda qərar verəndə bu məsələyə diqqətlə yanaşmalı idi”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən batmış əmanətlərin qaytarılması ilə bağlı martın 14-də verilən fərman cəmiyyətdə birmənalı qarşılanmır. Ekspertlər əmanətlərlə bağlı verilməsi nəzərdə tutulan əmsallardan narazılıq edirlər. Deportasiya Qurbanları Cəmiyyətinin sədri, politoloq Eldar Namazovun sözlərinə görə, əmanətlərin qaytarılması müsbət qərar olsa da, onun müəyyən şərtləri ekspertləri qane etmir, həmçinin adi vətəndaşları da narahat edir.

“Məsələn, qaytarılacaq məbləğlər insanların banka qoyduğu pullara uyğun deyil. Ancaq məni və çoxlarını narahat edən başqa bir məsələ də var. Azərbaycanda 1988-89-cu illərdə Ermənistandan deportasiya olunmuş 250 min soydaşımızın əmanət problemi yaddan çıxıb. Vaxtı ilə onları zorla Ermənistandan deportasiya edəndə onlar nəinki banklardan pullarını, hətta evlərindən əşyalarını özləri ilə götürə bilməyiblər. Onlar 1992-ci ildə beş illiyə qaçqın statusu almışdılar, 1998-ci ildə bunun vaxtı uzadıldı, 2002-ci ildə isə faktiki olaraq qaçqın statusu da əllərindən alındı. Onlara dövlət tərəfindən qaçqınlara şamil olunan güzəştlər artıq şamil olunmur. İndi də veriləcək əmanətlər onlara şamil edilmir”.

E.Namazovun sözlərinə görə, bir neçə il bundan əvvəl Ermənistanda əmanət bankında batmış vəsaitlərin vətəndaşlara qaytarılması ilə bağlı sərəncam verilərkən azərbaycanlıları siyahıdan tam çıxartmışdılar: “Ermənistan hökuməti bu məsələ ilə bağlı mövqeyini bildirib, oradan qovulmuş azərbaycanlıların əmanətlərini qaytarmaq fikrində deyil. Bəs onların əmanətlərini kim qaytaracaq və nə cür qaytarılacaq? Hesab edirəm ki, Azərbaycan hökuməti 14 martda bu qərarı verəndə bu məsələyə diqqətlə yanaşmalı idi. Hökumət özü bu insanların əmanətlərinin qaytarılması məsələsini büdcədən həll etməli idi”. Politoloq bildirib ki, Azərbaycandan da köçən ermənilərin batmış əmanətlərlə bağlı Azərbaycan hökumətinə iddiaları mövcuddur. Onun fikrincə, Azərbaycan hökuməti Ermənistandan qovulan azərbaycanlıların əmanətini qaytarılmağı öz boynuna götürsə, artıq Azərbaycana qarşı hansısa bir iddialar da beynəlxalq məhkəmələrdə irəli sürülə bilməz: “Bu, həm insani, həm siyasi tərəfdən düzgün addım olardı. İndi artıq bəllidir ki, hər ölkə daxilində bu problemi özü həll etməlidir. Hökumət bunu öz üzərinə götürsə və həyata keçirsə, ermənilər tərəfindən hansısa iddiaların da qarşısını ala bilər”.

Qeyd edək ki, Azərbaycanda vaxtı ilə banklara 400 min erməni və 120 min rusun əmanət qoyması ilə bağlı məlumatlar var. Bəzi ekspertərin fikrincə, erməni və ruslar prosesdən kənarda saxlanılsa, bu, məsələnin məhkəmə müstəvisinə çıxarılması ilə nəticələnəcək. Əksər ekspertlər isə qeyd edirlər ki, sovet əmanətlərinin ermənilərə görə verilməməsi versiyası doğru deyil. Çünki ölkəni tərk edən ermənilərin əksəriyyəti əmanətlərini götürüb aparıb.

 

R.RƏFİYEVA

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır