26 yanvar 2012 - 20:30

Sakinlərin sözlərinə görə, rüşvətin və süründürməçiliyin baş alıb getdiyi şöbənin əməkdaşlarından biri rüsum haqqının birdən-birə artırılmasını “Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla izah edib.

Azərbaycan boyu “Eurovision” korrupsiyasına rəsmən start verilib. Şəhərin bəzi büdcə təşkilatlarının rəhbərləri iclas keçirərək tabeliklərində olan işçilərə çalışdıqları idarə və müəssisənin abadlaşdırılması üçün smeta tutulduğunu bəyan ediblər. Bura inzibati binaların ətrafına üzlük daşlar çəkməkdən tutmuş divarların ağardılması, səkilərə asfalt örtüyü və tamet plitələrin döşənməsi daxildir.

Qeyd edək ki, müxtəlif idarələrdə bu məqsədlə tutulmuş smetalar da fərqlidir. “Abadlıq əməliyyatı”na pulun əsas hissəsinin işçilərin onsuz da cüzi əmək haqlarından tutulması planlaşdırılır. Işçilərə bu kampaniyanın səbəbi “Eurovision” mahnı müsabiqəsinə hazırlıqla izah olunub.

Ən orijinal üsula isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi Idarəsinin Mingəçevir şəhər şöbəsi əl atıb. Mənzil alqı-satqısı zamanı vətəndaşları onsuz da lüzumsuz süründürməçiliklərlə bezdirməkdə ad qazanmış şöbədə “Eurovision”dan da bəhrələnməyin yolunu tapıblar. “Azadlıq”a üz tutan bir qrup şəhər sakini burada onlardan tələb olunan sənədlərə görə rüsum haqqının birdən-birə artırılmasından gileyləniblər. Sakinlərin sözlərinə görə, rüşvətin və süründürməçiliyin baş alıb getdiyi şöbənin əməkdaşlarından biri rüsum haqqının birdən-birə artırılmasını “Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla izah edib.

Bir sözlə, icra hakimlərinin şapkaları hər yerdə artıb. Kişilər Eurovisiona hazırlaşır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır