Əhli-beyt (əleyhimus-səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Bu məqalənin birinci hissəsində Qurani-Kərimdə övlad sahibi olmaqla bağlı ayələr, eləcə də İlahi peyğəmbərlərin (əleyhimus-səlam) övlad istəmək üçün etdikləri dualar araşdırıldı. Məsum imamların (əleyhimus-səlam) həyat tərzində övlad sahibi olmaq məsələsini iki ümumi kateqoriyada araşdırmaq olar.
Birinci kateqoriyada Əhli-beytdən (əleyhimus-səlam) övlad sahibi olmaq haqqında çoxsaylı rəvayətlər və bunun dünyəvi və uxrəvi baxımdan çoxsaylı təsirlərinə edilən təkid araşdırıla bilər. Müxtəlif hədis mənbələrində imamlar (əleyhimus-səlam) tərəfindən bu mövzu haqqında onlarla rəvayət mövcuddur. Bu rəvayətlərin araşdırılması bu yazının mövzusu olmasa da, nümunə olaraq Allah Rəsulunun (əleyhimus-səlam) bu rəvayətinə işarə etmək olar:
«أَکْثِرُوا الْوَلَدَ أُکَاثِرْ بِکُمُ الْأُمَمَ غَدا»
“Övladlarınızı çoxaldın. Mən sabah Qiyamət günü sizin çoxluğunuzla digər ümmətlər qarşısında fəxr edəcəyəm.”
Həmçinin Məsum imamlar (əleyhimus-səlam) öz səhabələrinin Allahdan övlad istəmək barədə müraciətlərini dəfələrlə qəbul etmişlər ki, bu da onların nəzərində övlad sahibi olmağın əhəmiyyətinin göstəricisidir. “Əli ibn Babuveyh”in övlad sahibi olmaq üçün İmam Zamanın (Allah Təala Onun şərəfli zühurunu tezləşdirsin) duasını istəməsi və onun duası ilə görkəmli Şiə alimi Şeyx Səduqun dünyaya gəlməsi, eləcə də “İsa ibn Səbih”in övladının İmam Həsən Əskərinin (əleyhi səlam) duası ilə dünyaya gəlməsi bu hallara nümunədir. İmam Həsən Əskəri (əleyhi səlam) İsa ibn Səbihin müraciətinə cavab olaraq dua etməklə yanaşı, övladın həyatda mövcudluğunun təsirlərini də vurğulayır:
«اللَّهُمَّ ارْزُقْهُ وَلَداً یَکُونُ لَهُ عَضُداً فَنِعْمَ الْعَضُدُ الْوَلَدُ؛!»
“İlahi! Ona elə bir övlad nəsib et ki, onun dayağı (köməkçisi) olsun; övlad necə də gözəl dayaqdır (köməkçidir)!”
Hədis mənbələrində ilkin araşdırma zamanı bəzi zikrlər, məsələn, səhərlər yüz dəfə istiğfar deməyin övlad sahibi olmağa səbəb olması ilə bağlı müxtəlif rəvayətlərə rast gəlinir. Nümunə olaraq İmam Sadiq (əleyhi səlam) övlad sahibi olmaq üçün dua etməsini istəyən bir şəxsə buyurmuşdur:
«استغفر ربک فی السحر مائة مرة، فإن نسیته فاقضه؛»
“Səhər vaxtı Rəbbindən yüz dəfə bağışlanma dilə və əgər bunu unutsan, qəzasını yerinə yetir.”
Evdə yüksək səslə azan demək kimi bəzi əməllər də bu məsələdə təsirli amillərdən biri kimi qeyd edilmişdir. İmam Rza (əleyhi səlam) övlad sahibi ola bilməməsindən şikayət edən bir şəxsə buyurmuşdur: «أَنْ یَرْفَعَ صَوْتَهُ بِالْأَذَانِ فِی مَنْزِلِهِ؛.»
“Evində yüksək səslə azan desin.”
Firuzə üzüyü taxmaq və müxtəlif namazları hər bir namazla əlaqəli dualarla birlikdə qılmaq da bu əməllərdən bəziləri kimi qeyd edilmişdir.
Statistik araşdırmada da Məsum imamlardan (əleyhimus səlam) Allahdan övlad istəmək üçün hədis mənbələrində və dua kitablarında on iki dua nəql edilmişdir. Bu topluda iki dua İmam Səccaddan (əleyhi səlam), dörd dua İmam Baqirdən (əleyhi səlam), altı dua isə İmam Sadiqdən (əleyhi səlam) rəvayət edilmişdir. Bu duaların hər birinin araşdırılması bu yazıların növbəti hissəsinin mövzusudur.
Seyid Əli-Əsğər Hüseyni
Sizin rəyiniz