Əhli-beyt (ə) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Fələstinli Məhbusların Müdafiəsi Mərkəzi İsrail rejiminin həbsxanalarında təxminən 370 fələstinli uşağın saxlanıldığını bildirib. Onların əksəriyyəti “Meqidu” və “Ofer” həbsxanalarında saxlanılır və ağır həbs şəraiti ilə üzləşirlər.
Bu mərkəz açıqlamasında uşaqların hədəfə alınmasının davam etməsi barədə xəbərdarlıq edib və bildirib ki, 2026-cı ilin ilk yarısında İordan çayının qərb sahilində və işğal altındakı Qüdsdə uşaqların və fələstinlilərin 276 dəfə həbs edilməsi qeydə alınıb.
Azad edilmiş uşaqların ifadələrinə əsasən, onlar həbs müddətində döyülmə, bağlanma və qandallanma, təhdid, qida və sudan məhrum edilmə yolu ilə işgəncəyə məruz qalıb, eyni zamanda tibbi laqeydlik və qidalanma çatışmazlığı ilə üzləşiblər.
Fələstinli Məhbusların Müdafiəsi Mərkəzi Birləşmiş Millətlər Təşkilatından, UNICEF-dən və beynəlxalq qurumlardan həbsdə olan uşaqların həqiqi müdafiəsi üçün tədbir görmələrini, bu hüquq pozuntularına son qoymalarını və onların müalicə, təhsil və ailə görüşlərinə çıxışını təmin etmələrini istəyib.
Bu mərkəz həmçinin Meqidu həbsxanasındakı məhbusların vəziyyətinə toxunaraq bildirib ki, onlar qida məhsullarının ciddi çatışmazlığı və qidanın keyfiyyətinin aşağı düşməsi ilə üzləşirlər; bu vəziyyət bir sıra məhbusların çəkisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bu hesabata əsasən, məhbuslardan birinin çəkisi 18 kiloqram, digər bir məhbusun çəkisi isə təxminən 7 kiloqram azalıb.
Həmçinin məhbuslar arasında qaşınma xəstəliyi yayılıb və eyni zamanda onların bəziləri ehtiyacları olduğu halda dərman və tibbi eynək almaqdan məhrum edilirlər. Bu məhbusların gigiyena və təmizlik vasitələrinə də kifayət qədər çıxışı yoxdur.
Fələstinli Məhbusların Müdafiəsi Mərkəzi əlavə edib ki, məhbusların gündəlik hava alma müddəti də 30 dəqiqədən artıq deyil və bəzən 20 dəqiqəyə qədər azaldılır.
Sizin rəyiniz