31 avqust 2026 - 18:16
Hindistanlı nazirin İslam dini haqqında fərqli açıqlamaları / Karnataka əyalətinin naziri: Quran yalnız müsəlmanlar üçün deyil

Hindistanın Karnataka əyalətinin ali təhsil naziri İslamı tərifləyərək onu böyük bir din adlandırıb və Quranın yalnız müsəlmanlar üçün olmadığını, hər kəsin onu oxuya biləcəyini bildirib.

Əhli-beyt (leyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA-nın məlumatına görə, Hindistanın Karnataka əyalətinin ali təhsil naziri Basvarac Rayardi İslamın bütün digər dinlərdən üstün olduğunu vurğulayaraq, Həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getmək arzusunda olduğunu bildirib.

Hindistanın “New Indian Express” qəzetinin məlumatına əsasən, o, “Kukanur” şəhərində Məhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) mövludunun ildönümü münasibətilə müsəlman icmasının üzvləri üçün təşkil edilmiş pulsuz kütləvi nikah mərasimində iştirak etdikdən sonra etdiyi çıxışında deyib: “İslam böyük bir dindir. İslam haqqında çoxlu yanlış təsəvvürlər yaradılır. Mən Quranı öyrənməyə hazıram. Biz dinləri öyrənməli və onların arxasında dayanan tarixi bilməliyik.”

O, davam edərək deyib: “Mən Həccə getmək arzusundayam, amma indiyədək buna imkan tapmamışam. Əlbəttə, ora getmək üçün müsəlman olmaq lazımdır.”

Quran hamı üçündür

Hindistanın Karnataka əyalətinin ali təhsil naziri davamında bildirib: “Quran yalnız müsəlmanlar üçün nazil olmayıb. Hər kəs Quranı oxuya bilər. Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) Quranı bütün dünya üçün gətirib. İslam dini elmi mahiyyət daşıyır və insana necə yaşamalı olduğunu öyrədir. İnsan dini fanatik və ya kasta və sosial təbəqə məsələsində fanatik olmamalıdır.”

Bütün dinlərdə insani prinsiplər mövcuddur

Bu hindu nazir əlavə edib: “Biz başa düşməliyik ki, bütün dinlərdə yaxşı və dəyərli prinsiplər mövcuddur. İslam insanlığa və insani dəyərlərə çox güclü şəkildə diqqət yetirən bir dindir. Yalnız məscidə getmək və ‘Allahu Əkbər’ demək kifayət deyil. Eyni məsələ bütün dinlərə də aiddir.”

Hindistan hökumətinin müsəlmanların nikah salonları üçün ayırdığı büdcə

Hindistanın Karnataka əyalətinin ali təhsil naziri müsəlmanların nikah mərasimlərinin keçirilməsi üçün salonlara dövlət büdcəsindən vəsait ayrılmasına toxunaraq deyib: “Səudiyyə Ərəbistanından, Pakistandan və ya digər müsəlman ölkələrindən buraya heç bir pul gəlmir. Dini mərkəzin hansı dinə aid olmasından asılı olmayaraq, nəzir pullarına əl uzatmaq və ya dini quruma məxsus torpağı zəbt etmək və götürmək böyük günahdır.”

Sizin rəyiniz

You are replying to: .
captcha