Azərbaycan üçün daha bir il torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında qalmaqla başladı. Daha bir il bu problemin həlli baxımından boşa getdi və ermənilərin işğal altında saxladıqları Azərbaycan ərazilərindən çəkilməyə məcbur edə biləcək şərait formalaşmadı: münaqişənin danışıqlar yolu ilə nizamlanmasına yönələn cəhdlərin hamısı boşa çıxdı, işğal altındakı torpaqları güc yolu ilə qaytarmaq üçün hərbi əməliyyatlara başlamaq üçün isə şərtlər yaranmadı.
Beləliklə, daha bir il arxada qaldı və indi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-müəyyənliklərlə dolu yeni il başlayır. 2012-ci ildən gözləntilər o qədər də optimist deyil. İl ərzində münaqişənin həlli üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş dövlətlərdə seçkilər olacaq, həmsədr ölkələrin prezidentləri Qarabağa diqqət ayırmaq həvəsində olmayacaqlar. Ermənistanda da gərgin seçkilər, hakimiyyətlə müxalifət arasında sərt qarşıdurma gözlənilir və düşmən ölkənin rəhbərliyi qətiyyən konstruktivliyə meyl etmək niyyətində deyil. Əksinə, Ermənistan işğal altındakı ərazilərdə, xüsusən Dağlıq Qarabağ ətrafındakı rayonlarda möhkəmlənmək üçün yeni-yeni cəhdlər göstərir. İnfrastruktur layihələri həyata keçirilir, təbii sərvətlərin talanıb daşınması üçün yeni planlar qurulur, qanunsuz məskunlaşmanı sürətləndirmək üçün kampaniya aparılır.
***
Aleksandr Xramçixinİl ərzində Ermənistanla Azərbaycan arasında hazırda faktiki olaraq dayanmış vəziyyətdə olan danışıqlar prosesinin necə cərəyan edəcəyi barədə müxtəlif mülahizələr var. Belə başa düşmək olar ki, həmsədrlər il ərzində prezidentlərin bir-iki formal görüşünə nail olmağı, beləliklə də tərəfləri danışıqlar masası arxasında saxlayaraq müharibənin başlamasını önləməyi əsas vəzifə kimi qarşıya qoyublar.
Münaqişəni isə danışıqlar yolu ilə həll etmək artıq mümkün deyil. Bunu rusiyalı hərbi və siyasi ekspertlər də təsdiq edir. Rusiyadakı Siyasi və Hərbi Analiz İnstitutundan olan ekspert Aleksandr Xramçixin Ermənistanın “NEWS.am” portalına açıqlamasında deyir ki, Cənubi Qafqaz regionunda ötən il ərzində Rusiyanın Ermənistandakı hərbi bazasının dislokasiya müddətinin artırılmasından başqa əhəmiyyətli hadisə olmadı. Lakin region üçün əsas əhəmiyyətli və mühüm hadisələr qabaqdadır.
“99,99 faiz ehtimalla Dağlıq Qarabağda yeni müharibə olacaq. Özü də bu müharibəni istənilən vaxt gözləmək olar, o cümlədən 2012-ci ildə. Münaqişənin ”nizamlanması" açıq-aydın fantastika kimi görünərdi" - deyə A.Xramçixin bildirir.
Ekspert “Day.az” portalına açıqlamasında da analoji fikirlərlə çıxış edib. O bildirib ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması praktiki olaraq mümkün deyil: “Çünki bu cür münaqişələrin sülh yolu ilə həlli ilə bağlı indiyədək tarixdə heç bir presedent yoxdur. Mən başa düşmürəm ki, nəyə görə Qarabağ ilk belə presedent olmalıdır. Mənim fikrimcə, müharibə qaçılmazdır, çünki Azərbaycan əbədi olaraq 20 faiz ərazilərinin itkisinə dözməz. Ermənistanı isə status-kvonu saxlamaqdan başqa heç nə qane etmir. Bu cür vəziyyətdə müharibə hökmən başlayacaq”.
A.Xramçixinin sözlərinə görə, müharibənin elə bu il başlaması da mümkündür. Çünki mürəkkəb oyun gedir: “Azərbaycan öz hərbi potensialını artırır, Ermənistana isə əlverişlidir ki, müharibə mümkün qədər, Bakının üstünlüyünün hələ istənilən səviyyədə yüksək olmadığı bir vaxtda tez başlasın. Bununla belə Azərbaycan vaxtı bir qədər də uzada və iqtisadi imkanları hesabına üstünlüklərini daha da möhkəmləndirə bilər”.
Rusiyalı ekspert deyir ki, müharibə başlasa, Rusiya Azərbaycanın tərəfində olmayacaq. Ermənistana isə o halda dəstək verəcək ki, hərbi əməliyyatlar bu ölkənin ərazisinə keçsin. Ekspertin fikrincə, hərbi əməliyyatlar Qarabağla məhdudlaşsa, Rusiya çox güman ki, ona qarışmayacaq: “Ola bilsin ki, Rusiya Ermənistana hava yolu ilə hansısa silahlar çatdırsın, ancaq bu da qüvvələr balansını dəyişdirməyəcək. Çünki hava yolu ilə yüngül silahlar çatdırmaq olar. Ermənistanın Gürcüstan üzərindən hərbi yük almaq üçün yolu bağlıdır”.
A.Xramçixin hesab edir ki, həmsədr dövlətlərdən heç biri münaqişənin dinc yolla nizamlanmasını təmin edə bilməz. Çünki münaqişə tərəflərinin mövqeləri barışmazdır və bir araya sığmazdır.
***
Andrey AreşevDigər rusiyalı ekspert, Rusiya Elmlər Akademiyası Orta Asiya və Qafqaz Mərkəzinin əməkdaşı Andrey Areşev isə hesab edir ki, Qarabağda müharibənin başlamasına İrana müdaxilə səbəb olacaq. Onun fikrincə, İrana müdaxilədən sonra bölgədəki vəziyyət radikal şəkildə dəyişəcək. Orta Asiya respublikaları, habelə Azərbaycan Qərbə meyl edəcək. Gürcüstan NATO-ya daxil olacaq, Ermənistan Rusiyadan qopmuş vəziyyətə düşəcək və məcbur olub Qarabağı Azərbaycana qaytaracaq.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Qafqaz və Orta Asiya üzrə tədqiqatçısı Aleksandr Skakov da bu fikirdədir ki, Qarabağda yeni müharibə tamamilə realdır. O, “NEWS.am”a açıqlamasında deyib ki, problemin həlli yolunu heç kim tapa bilmir və ümumən Qafqaz regionunda vəziyyət gərginləşir: “2012-ci il üçün proqnozlar kifayət qədər pessimistdir. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı. Münaqişə ətrafında gərginliyin artması davam edəcək və danışıqlar prosesində hər hansı irəliləyiş əldə olunmayacaq, öz növbəsində hərbi əməliyyatların başlaması riski artacaq”.
A.Skakovun sözlərinə görə, münaqişə tərəfləri kompromislərə hazır deyil. Azərbaycan isə münaqişənin hərbi yolla öz xeyrinə həll etmək xəttini seçib və bu seçimdə məntiq var. “Çünki rəsmi Bakı əmindir ki, Moskva münaqişəyə qarışmayacaq. Hələlik Bakını Qarabağda blitskriqin mümkün olmaması çəkindirir, lakin Azərbaycanın öz gücünə əminliyi də durmadan artır” - deyə rusiyalı ekspert erməni saytına bildirib.
***
Aleksandr İsgəndəryanİrəvandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan da hesab edir ki, Azərbaycan və Ermənistan cəmiyyətləri nəzəri baxımdan sülh arzulasalar da konkret həll yoluna gəldikdə güzəştlərə hazır deyillər. Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağı müstəqil, azərbaycanlılar isə regionu Azərbaycanın tərkibində görməkdə qətidirlər.
Erməni ekspert “Amerikanın səsi”nə müsahibəsində deyib ki, bu münaqişə regionun inkişafına neqativ təsir göstərir: “Abxaziya və Cənubi Ossetiya kmi, Dağlıq Qarabağ münaqişəsi situasiyanı o həddə çıxarıb ki, region anlayışı belə yoxdur. Gürcüstanla Rusiya arasında sərhədlər bağlıdır. Dağlıq Qarabağ üzündən Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə arasındakı sərhədlər bağlıdır. Dağlıq Qarabağ münaqişəsi üzündən mənim ölkəmin iki ölkə ilə sərhədləri bağlıdır. Bu konflikt region üçün böyük əhəmiyyət kəsb edir. Mən deyərdim ki, indiki durumda Amerika bizə daha yaxındır, nəinki Azərbaycan. Coğrafi baxımdan yox, psixoloji baxımdan. İrəvan küçələrində amerikalı görmək mümkündür, amma azəri yox. Mən burada sizinlə söhbətləşə bilirəm, onlarla başqa ölkəyə gedə bilirəm, amma Azərbaycana gedə bilmirəm. Bu konflikt regionu parçalayıb”.
A.İsgəndəryan Ermənistan cəmiyyətinin Azərbaycanla sülhə nə dərəcədə hazır olması haqda danışarkən deyib ki, bu suala “hə”, yaxud “yox” cavabı vermək asan deyil. Onun fikrincə, nəzəri baxımdan insanlar sülhə hazırdılar: “Əgər küçədə kimdənsə sülhə hazır olub-olmadığını soruşsanız, müsbət cavab verər. Amma konkret siyasi mexanizmə gəldikdə, ermənilərin azərbaycanlılara təklif etdikləri, yaxud azərbaycanlıların ermənilərə təklif etdikləri şərtlər qəbuledilməzdir. Ermənistanda da, Dağlıq Qarabağda da konsensus budur ki, Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Azərbaycanlılarla danışsanız, onlar üçün yalnız müxtəlif formalarda muxtariyyət məqbuldur, amma Dağlıq Qarabağın müstəqilliyi yox. Ermənistanda hansı məsələdə konsensus yoxdur? Bu, əlavə torpaqların statusuna aiddir. Bəziləri deyirlər ki, biz Azərbaycana heç nə verməyəcəyik. Amma bəziləri başqa ərazilərin Azərbaycana qaytarılmasına razı ola bilər, əgər Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısa. Konkret məsələlərə gəldikdə isə ehtiyat edirəm ki, cəmiyyətlər kompromisə hazır deyillər”.
***
A.İsgəndəryan tez-tez azərbaycanlı QHT təmsilçiləri ilə birgə beynəlxalq konfranslarda iştirak edir, birgə layihələrə qatılır. Sonuncu belə konfrans dekabrda Tiflisdə olub. Lakin o hesab edir ki, erməni və azərbaycanlı QHT təmsilçilərinin bu cür tədbirlərdə bir araya gəlməsi bir o qədər də faydalı deyil: “Biz deyilənləri onsuz da bilirik. Mən Azərbaycandan gəlmiş həmkarlarıma, dostlarıma müxtəlif formatlarda tez-tez qulaq asıram. Zənnimcə, bizim dediklərimiz informasiya baxımdan bu regionla məşğul olan başqaları üçün - avropalılar və amerikalılar üçün çox faydalıdır. Münaqişə ilə maraqlanan ekspertlər, akademiklər və dövlət adamları üçün Qafqaz haqda təsəvvür almaq faydalıdır”.
Erməni ekspert bildirib ki, münaqişənin həlli ilə bağlı pessimistdir. Çünki Azərbaycan və Ermənistanda cəmiyyətləri, siyasi elitalar kompromisə hazır deyillər: “Ermənistanın kompromis adlandırdığı təklif Azərbaycan üçün qəbuledilməzdir. Eləcə də Azərbaycanın kompromis adlandırdığı təklif Ermənistan üçün qəbuledilməzdir. Zənnimcə, qısa və orta dönəmdə vəziyyət belə qalacaq”.
Qeyd edək ki, yeni ilin ilk günlərində Ermənistan prezidenti Serj Sərkisyan hərbi geyimdə Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib, separatçı rejimin rəhbəri Bako Saakyanla birgə erməni hərbi hissələrinin döyüş hazırlığını yoxlayıb, yeni silahlara baxış keçirib. Həmçinin işğal altındakı Ağdərə və Əsgəran rayonları ərazisində bəzi infrastruktur layihələrinin açılışını edib.
Sərkisyanın təzə ilə hərbi geyimdə Qarabağda başlaması əsasən Ermənistan cəmiyyətinə ünvanlanmış siyasi gedişdir. Tezliklə onun partiyası çətin seçki kampaniyasına başlayacaq və Sərkisyan Ermənistandan kütləvi mühacirətə, işsizliyə və digər ağır sosial problemlərə görə xalqın etirazları ilə üzləşə bilər. Deməli, hərbi geyimdə Qarabağı dolaşıb davakar görkəm almaq ermənilərin diqqətini bu problemlərdən yayındırmaq üçün ən münasib yoldur. Digər tərəfdən, Sərkisyan başa düşür ki, onun ölkəsinin danışıqlarda tutduğu mövqe üzündən Qarabağda müharibənin başlaması riski hər gün artır.
F.MƏMMƏDOV
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır