22 dekabr 2011 - 11:53

Lənkəranın balıqçılar yaşayan Nərimanabad kəndində artıq 6 gündür ki, kütləvi etiraz aksiyaları keçirilir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Lənkəranın Nərimanabad kəndində 6 gün əvvəl başlanan kütləvi etirazlar səngiməyib, əksinə, bir qədər də genişlənib. Kənddə indiyə qədər gərginlik var, polis gecə-gündüz keşik çəkir, gedən-gələni izləyir. Bir sözlə, kənd üç tərəfdən dənizin, yeganə quru yol isə polisin mühasirəsindədir. Əhali təşviş içində hər an nəsə baş verəcəyindən ehtiyat edir.

Ötən gün Nərimanabadda olub sakinləri dinlədik, aksiyaların səbəblərini aydınlaşdırdıq. Sakinlərlə söhbət zamanı məlum oldu ki, onlar Daxili Qoşunların Nərimanabada basqını zamanı tutulan 6 həmkəndlilərinin azad olunmasını və balıq ovuna qoyulan qeyri-rəsmi qadağaların aradan götürülməsini tələb edirlər. Amma bu da var ki, polis kəndin mərkəzi meydanına toplaşan yüzlərlə etirazçıya öz haqqını tələb etməyə mane olmur, seyrçi mövqeyində dayanır.

“Biz balıqçıyıq, sərhədçilər narkotik alverçilərini yaxşı tanıyır”

Dekabrın 15-də saxlanaraq sonradan azad edilən kənd sakini Qalib Əliyevlə həmin olay barədə danışdıq. O, məlum basqın barədə bunları dedi: “Həmin gün Sərhəd Qoşunlarına məxsus hərbi gəmi bizim kənddən olan balıqçılara dənizdə basqın edib. Onlara təzyiq göstəriblər, 4 balıqçı qayığını tutub öz gəmilərinə qoyub aparıblar. Qayıqlarda olanları da qanunsuz olaraq həbs ediblər. Biz istəyirik ki, tutulanlar azad olunsun, camaatımıza balıq tutub ailələrini saxlamağa şərait yaradılsın. ANS gəlib bizi çəkdi, amma sonradan bizi şərlədi. Efirdə dedilər ki, guya sərhəd qoşunları narkotik alverçilərinin qarşısını alıb və bu zaman belə hadisə baş verib. Ancaq bu, ağ yalandır, bu kənddə 3-4 min əhali yaşayır. Burada heç vaxt narkotik alverçisi olmayıb. Olsaydı cəzalandırılan olardı. Biz balıqçıyıq, Sərhəd Qoşunlarında olanlar yaxşı bilirlər ki, narkotik alverçiləri kimlərdir”.

Qeyd edək ki, dekabrın 15-də kəndə qoşun yeridilərkən tutulanlar Lənkəran Şəhər Polis Şöbəsində (RPŞ) saxlanılırlar. Onlar Kainat Abbasov, İsmayıl Hüseynov, Cavanşir İsmayılov, Fariz Məmiyev və Xalid Ələkbərovdur.

Rezin güllələr, elektroşok, gözyaşardıcı qaz, zirehli texnika...

Yerli camaat tələb edir ki, ayın 15-də kəndə Daxili Qoşun bölmələri yeridən, rezin güllələrdən, elektroşokdan, gözyaşardıcı istiot qazından istifadə edənlər cəzalandırılsın. Ailəsini balıqçılıqla dolandırdığını deyən Adışirin Vəliyev isə bildirir ki, balıq ovuna məhdudiyyət qoyulması səbəbsiz deyil. Belə ki, balıqçılardan rüşvət istənilir. Ona görə də belə vəziyyət yaranıb: “Dövlət Sərhəd Xidmətinin Lənkəran üzrə rəisi Adil Abdullayev camaatdan rüşvət tələb edir. Balıqçılardan ayda 200 manat istəyirdi. Su Sərhəd Qoşunlarının əsas məqsədi bizdən pul qoparmaqdır. Sərhəd onları maraqlandırmır. Hər qayıqdan pullarını da, balıqlarını da almasalar, əl çəkmirlər. Kişilərimiz dənizdə ölür, ailələri də acından qırılır”.

Digər həmyerliləri də onun dediklərini təsdiqlədilər. Biz kənddə olarkən balıq ovundan yenicə qayıtmış Fəraqət Əliyevlə də söhbətləşdik. O, bunları söylədi: “Bu dəqiqə dənizdən gəlirəm. Məni ”korabl" (nərimanabadlılar Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi gəmini belə adlandırır-müəl.) qovurdu. Deyirlər ki, 2 mildən uzağa getmək olmaz. Getdim gördüm torlarımı da yığışdırıblar. Belə məlum olur ki, Ekologiya Nazirliyinin işini Dövlət Sərhəd Xidməti görür".

Bu həngamə 200 manat “haqq”a görə imiş

Etirazçılar bütün bu həngamənin, kəndə qoşun yeridilməsinin tək bir səbəbinin olduğunu iddia edirlər: “Kənddə 400-500 balıqçı qayığı var. Əvvəllər hər qayıqdan 150 manat ”haqq" istəyirdilər, indi 200 manata qaldırıblar. Nəzərə almırlar ki, küləkli havalarda dənizə çıxa bilmirik. Qayığın motoru xarab olanda ehtiyat hissələrini də od qiymətinə alırıq. Dövlət bizə heç nə vermir. Qayıqların böyük hissəsini banklardan götürülən kreditlər hesabına almışıq. Bilmirik bankların kreditlərini ödəyək, ailəmizi saxlayaq, yoxsa isti kabinetlərində oturub başımıza oyun açanlara pay-püş göndərək. Bizə iş versinlər".

Öyrəndik ki, balıqçılar 200 manat “haqq”la razılaşmayıb deyə belə vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, hərbi gəminin komandiri də onlardan rüşvət alır. “Deyirlər ki, 200 manat ödəməsəniz, ”korablla" üstünüzdən keçəcəyik" - deyə balıqçılardan biri əlavə edir.

Nərimanabadlılar nəqliyyat naziri Ziya Məmmədovdan kəndin yol problemini həll etməyi, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdən isə qaz çəkilməsini istədilər: “Ölkə başçısından xahiş edirik ki, burda iş yerləri açılsın. Çünki balıq tutub satmaqdan başqa gəlir yerimiz yoxdur. Həyatımızı riskə atıb balıq tutmağa gedirik. Kimlərsə isti kabinetlərində oturub bizə xərac kəsir, üstəlik üstümüzə qoşun da göndərir”.

Qəsəbə sakini Samir Ağakişiyev deyir ki, 2 mildən (1 mil 1,6 km-dir-red.) uzağa getməyə imkan verilmir: “Dənizin 2 millik səviyyəsində balıq çıxmır. Ən azı 10 mil getmək lazımdır. Adını da qoyublar ki, İranla sərhəddən narkotik keçir. Əgər narkotik keçirsə, onda siz nə işlə məşğulsunuz? Qayıqları radarla müəyyən edə bilirlər. Əgər kimsə qayıqla İran sərhədini keçib bizim sularımıza gəlirsə, narkotik keçirirsə, onu tutub cəzalandırsınlar. Biz İranla sərhəddə gedib çatmırıq. Dənizə çıxmamışdan əvvəl Dövlət Sərhəd Xidmətinin əsgərləri bizim nə qədər benzin götürdüyümüzü yoxlayır. 20 litrdən artıq benzin götürəndə artığını bizdən alırlar. Həmin 20 litrlə istəsək də İran sularına, neytral sulara gedib çıxa bilmərik. Dövlət Sərhəd Xidmətinin ən ağıllı adamları gəlsinlər Nərimanabada. 40 litr benzin götürüb bizim qayıqla gedək dənizə. Özləri də görəcəklər ki, 40 litr benzinlə sərhəddə çatmaq mümkün deyil. Bu oyunları öz maraqlarına görə başımıza gətirilir. 15 dekabr kitaba salınacaq tarixdir. Getməyə başqa yerimiz yoxdur. 20 yanvar hadisələri 15 dekabrda bu kənddə təkrarlandı. Bizə iş yeri, fabrik, müəssisə açılsın”.

“Kəndimiz həmin gün Benqaziyə oxşayırdı...”

Sakinlər deyirlər ki, DSX rəsmiləri narkotiki kimlərin sərhəddən keçirdiyini yaxşı bilirlər. Nərimanabaddan olan balıqçıları da dənizin dərinliklərinə ona görə buraxmırlar ki, kimsə narkotik qaçaqmalçılarını, onların gəmilərini və həmin gəmiləri müşayiət edən gəmiləri görməsin.

Həbs olunan Cavanşir İsmayılovun bacısı Mahirə İsmayılova qardaşının günahsız olduğunu deyir: “Cavanşir tor yığmaqla ailəsini dolandırıb. Yazığı heç nədən tutub aparıblar. Bu camaatın nə günahı var? Bu kənddə tək dolanışıq balıqdan çıxır. Onu da bizə çox görürlər. Bizi hədələyirlər, qorxudurlar. Həmin gecə kənd müharibə meydanına çevrilmişdi. Üstümüzə qoşun gəlmişdi, əliyalın camaatı qırıb öldürmək istəyirdilər. İmkan versinlər bir tikə çörək qazanaq. Çarəsiz haldayıq”.

Həbsdəki Kainat Abbaszadənin anası deyir ki, xəstə oğlu üç gündür ac-susuz təcridxanada saxlanılır: “Oğlum əsgərliyə də aparmayıblar, ciyərləri xəstədir. Vərəm dispanserində müalicə olunur. O heç dənizə gedən deyil, balıq tutmaqla bir manat da qazanmayıb”.

Kəndə qoşun yeridilərkən xəsarət alan Rahil Əliyevə baş çəkdik. Onun sözlərinə görə, Qızılağac Dövlət Qoruğunda işləyir: “Mən heç balıqçı deyiləm, qoruqda işləyirəm. Axşam işdən çıxıb evə gəlirdim ki, kənddə qoşunları gördüm. Sonradan bildim ki, 17 zirehli maşınla kəndə basqın olub. Dəhşətli vəziyyət idi. Daxili Qoşunların əsgərləri arvad-uşağa baxmırdılar, kim qabaqlarını çıxırdısa vururdular. Heç belə müsibət olmamışdı. Rezin güllələr atırdılar, kəndimiz həmin gün Suriyaya, Liviyaya, Benqaziyə oxşayırdı. Məni zirehli maşınla vurdular, əlim və ayağım sındı. Kasıb adamam, bütün müalicə xərclərini də öz cibimdən çəkmişəm”.

“Bizim uşaqlarımızı “korabl” batırıb”

Kənddə övladları 5 il öncə dənizdə qayıqla itkin düşmüş valideynlərlə də görüşdük. Elşən Əliyev və Tariyel Cavadov adlı gənclər 2006-cı ildə dənizdə yoxa çıxıblar. Bu günədək onların nə öldüsündən, nə qaldısından xəbər yoxdur. Elşən Əliyevin atası Fərhad Əliyev oğlunun “korabl” tərəfindən dənizdə batırıldığını düşünür: “Elşən 1986-ci il təvəllüdlü idi. Hərbi xidmətini yerinə yetirmişdi. Ekologiya Nazirliyindən də balıq tutmaq üçün lisenziya almışdı. 146 nömrəli qayıqla dənizə çıxmışdılar. Uşaqlar getdilər və geri dönmədilər. Bizə dedilər ki, Dövlət Sərhəd Xidmətinin gəmisi onları batırıb. Özü də DSX-nin razılığı ilə dənizə çıxmışdılar. Hətta bir dəfə onu tutub cərimələmişdilər. Versiyamız odur ki, onları ”korabl" batırıb. Bu işlə bağlı Daxili İşlər Nazirliyində axtarış işi var. Bizə indiyədək heç bir söz deyilməyib. Özüm də I qrup əliləm, işləmirəm".

Tariyel Cavadovun anası Tahirə xanım gecə-gündüz oğlundan xəbər gözləyir: “Oğlumun nə ölüsünü, nə də dirisini vermədilər. Heç olmasa camaata çörək versinlər. Dənizə getməyə icazə vermirlərsə, onda iş yeri açsınlar. İtən oğlumun 2 körpəsi var, yaşadıqları ev pis gündədir. Mən qapılarda işləməklə onları birtəhər saxlamağa məcburam. Allah bu haqsızlığı yerdə qoymayacaq”.

Biz kənddə olarkən mülki geyimli bir şəxs sakinlərlə danışıq aparırdı. O, sakinlərə özünün DSX-nın nümayəndəsi kimi təqdim etsə də kimliyini demirdi. Bildirirdi ki, kəndə rəhbərliyinin göstərişi ilə gəlib. Gəlişinin səbəbini birbaşa açıqlamasa da dolayısı ilə sakinlərin onlardan şikayət etməməsini istəyirdi. Bizə də hər hansı bir açıqlama verməkdən qətiyyətlə imtina etdi (musavat.com saytında Nərimanabaddan hazırladığımız videoreportajda da tanış ola bilərsiniz).

...Kənddən qayıdanda Nərimanabadın çıxışında polis postunun qurulduğunu, əraziyə avtobuslarla polislərin gətirilməsinin şahidi olduq. Dünən reportaj çapa hazırlanarkən xəbər aldıq ki, həbsdə olan 5 nəfər də bu gün azad ediləcək. Sakinlər deyir ki, əgər onlar azad olunmasa, aksiyalar davam etdiriləcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır