Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Maykl Vikkers Azərbaycanda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Maykl Vikkers səfər çərçivəsində Müdafiə Nazirliyində görüşlər keçirəcək, həmçinin Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Görüşlərdə təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Demokratiya təhlükəsizliyə qurban veriləcəkmi?
Qeyd edək ki, ABŞ-Azərbaycan münasibətləri son zamanlar siyasi təhlilçilərin ən çox araşdırdığı mövzulardandır. Xüsusən, Rusiyadakı son durum iki ölkə münasibətlərinin hazırkı inkişafını təhlil etməyi zəruri edir. “Turan” analitik xidməti hesab edir ki, ABŞ dövlət katibinin müavini Erik Rubin 2012-ci ilin mayında keçiriləcək NATO sammitində Gürcüstanın bu təşkilata üzvlüyü məsələsinə baxılması perspektivləri ətrafında da Tbilisidə fikir mübadiləsi aparılacağını vurğulayıb.
“Göründüyü kimi, ABŞ dövlət katibi Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstana səfər etməyə qərar verib. Halbuki, Hillari Klinton 2010-cu ildə Cənubi Qafqazın 3 ölkəsinə də səfər etmişdi. Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstana səfər ABŞ-ın bu ölkənin Qərbin siyasi, iqtisadi və təhlükəsizlik institutlarına inteqrasiyaya daha çox can atmasına verdiyi yüksək qiymətin işarəsidir”,- deyə “Turan” araşdırmaçıları vurğulayırlar.
Ekspertlərin qənaətinə görə, Azərbaycan və Ermənistan Qərblə inteqrasiyada Gürcüstan qədər istəkli deyil. Bundan başqa, Vaşinqtonun Azərbaycanda insan haqları və demokratiyaya verdiyi qiymət də qənaətbəxş deyil və əvvəlki dəyərləndirmələrdən fərqlənmir. Təsadüfi deyil ki, Hillari Klinton dekabrın 9-da verdiyi bəyanatda fikir azadlığı hüququnu həyata keçirənlərə qarşı zorakılığın davam etməsindən şikayətlənərkən Azərbaycanın adını bu sözlərlə tələffüz etmişdi: “Azərbaycandan tutmuş Zimbabveyə kimi siyasi məhbuslar öz fikirlərinə, yazılarına, dinc təbliğata və ya öz əqidələrinə görə hələ də həbsdədir”.
“Bəziləri Klintonun Azərbaycanın adını əlifba sırasında ilk yer tutduğuna görə çəkdiyini bildirərək, siyahıda başqa dövlətlərin adının olduğunu da vurğulayırlar. Ancaq səbəb nə olursa-olsun, Klinton açıqlamasında Azərbaycanda siyasi məhbusların və əqidəsinə görə həbsdə olanların varlığını ortaya qoyub.
Hillari Klinton 2010-cu ilin iyul ayında Bakıya səfərində də eyni mövzuya toxunmuşdu. Klinton Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə Dağlıq Qarabağ münaqişəsi və təhlükəsizlik sahəsindəki əməkdaşlıq mövzularına toxunsa da, insan haqları və demokratiya məsələlərindən də yan keçməmişdi. Klinton iki bloggerin həbsdə saxlanmasından prezident Barak Obamanın narahat olduğunu dilə gətirmişdi. Bu narahatlığın təsiri oldu. Bir az sonra hər iki blogger həbsdən azad edildi.
Ancaq Amerika xarici siyasət rəhbərinin tənqidi yalnız iki bloggerin həbsi ilə məhdudlaşmırdı. O, Bakıda gənclərlə görüşündə dövlət katibi kimi prioritetləri sırasında demokratiyanı, azadlığı, gəncliyi, o cümlədən ictimai aktivliyi, internet azadlığını dəstəkləməkdə gördüyünü söyləmişdi. Yeni texnologiyaların ünsiyyətin xəritəsini dəyişdiyini deyən Klinton ABŞ-ın söz azadlığına münasibəti, prinsiplərə sadiqliyini dəyişmədiyini bildirmişdi.
İnsan haqları və demokratiya, siyasi və iqtisadi islahatların dərinləşməsi əvvəlkitək Vaşinqtonun önəm verdiyi sahələrdir. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti ilə təmaslarda təhlükəsizlik sahəsi də ön sıralarda yer turur. ABŞ-ın Baş Nəqliyyat Komandanlığının komandanı general William Fraser bu günlərdə Bakıya səfəri zamanı İlham Əliyevlə görüşündə Əfqanıstandakı ABŞ və NATO qüvvələrinə nəqliyyat işində köməyinə görə Azərbaycana minnətdarlığını bildirdi.
Ağ Ev sahibi Barak Obama prezident seçkisinin əsas şüarını yerinə yetirib - ABŞ qoşunları 2011-ci ilin sonuna qədər İraqdan çıxarılıb. İndi Vaşinqton bütün diqqəti Əfqanıstana kökləyəcək. Bu ölkə hələ ram edilməyib, Taliban hərəkatının müqavimət gücü azalmayıb. Odur ki, Vaşinqton Əfqanıstanda qayda-qanun yaratmaq, nəzarəti ələ almaq üçün bu ölkəyə daha çox hərbi-texniki yük daşımağı planlaşdırıb. Bu yüklərin önəmli hissəsi Azərbaycan üzərindən Əfqanıstana çatdırılacaq. Pentaqon Azərbaycanın hava məkanı ilə yanaşı, hava limanından da yararlanır. Vaşinqton müsəlman ölkəsi olan Azərbaycanın əsgər və zabitlərinin NATO qüvvələri çərçivəsində Əfqanıstanda xidmətinə də önəm verir.
İlham Əliyev amerikalı komandanla görüşdə Əfqanıstanda sülhümühafizə əməliyyatlarına Azərbaycanın ilk gündən öz əhəmiyyətli köməyini göstərən ölkələr arasında olduğunu xatırladaraq, bu istiqamətdə əməkdaşlığın tədricən genişlənməsində marağını bildirib. ABŞ-Azərbaycan hərbi əməkdaşlığının digər istiqamətləri də uğurla davam edir. Azərbaycan hərbçiləri ABŞ-da kurslara qatılır, Vaşinqton Xəzərin təhlükəsizliyini artırmaq məqsədilə Bakıya gərəkli texnika göndərir. Bir sözlə, iki ölkə arasında hərbi əməkdaşlıqda sual yaradacaq maddə yoxdur. Buna görə də rəsmi Bakı çox istərdi ki, hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin ön planda tutulması qarşılığında Vaşinqton Azərbaycanda insan haqları və demokratiya məsələlərinə qarışmasın.
Əlbəttə, Vaşinqton Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələlərinə önəm verir, ancaq insan haqları və demokratiya tələblərindən də geri çəkilmir. Əks halda, bu, respublikaçı və ya demokratlar partiyasına mənsubiyyətindən asılı olmayaraq, ABŞ hakimiyyətinin yürütdüyü siyasətin ruhuna zidd olardı. Təsadüfi deyil ki, Barak Obama bu günə qədər Azərbaycan prezidentini ABŞ-a rəsmi səfərə dəvət etməyib. Bunun niyə baş vermədiyini həm ABŞ, həm də Azərbaycanın hakimiyyət dairələri yaxşı anlayır”,- “Turan” analitik xidməti qeyd edir.
Azərbaycanda inqilab qoxusu
Onu da vurğulayaq ki, Azərbaycan hakimiyyəti qeyri-ardıcıl diplomatik kursa üstünlük verdiyindən, insan haqları, mətbuat azadlığı məsələsində Qərbin ciddi tənqidinə məruz qalır. Enerji və təhlükəsizlik məsələlərində ABŞ-a etbarlı müttəfiq olmayan rəsmi Bakı ABŞ ideoloqlarının qəzəbinə tuş olur.
Maraqlıdır ki, Amerika diplomatiyasının Azərbaycanda fəallaşması Rusiyada, Qazaxstanda və Yaxın Şərqdəki proseslərin gərginləşdiyi dövrə təsadüf edir. Maykl Vikkersin səfərinin təsadüfi olmadığı üzə çıxır. Bəzi mətbu orqanların verdiyi məlumata görə, Maykl Vikkers rəsmi Bakının nəzərinə çatdırmaq istəyir ki, Qazaxstandakı və Rusiyadakı proseslər Azərbaycana da transfer edə bilər. Əgər Vaşinqton emissarları rəsmi Bakı ilə anlaşa bilməsələr, Azərbaycada çox mühüm proseslər başlaya bilər. Bu proseslər ABŞ-ın həm regiondakı enerji maraqları və eyni zamanda İrana qarşı Vaşinqtonun mövqelərini müdafiə etmək iqtidarında olan hakimiyyət üçün daha cəlbedici görünür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır