Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: dekabrın 12-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliyi Milli Məclis ötən ay qəbul etmişdi.
İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib. Yeniliyə görə, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparması qadağandır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparması qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləməsinin ardınca prezident İlham Əliyev Cinayət Məcəlləsinə yenilikləri də imzalayıb.Bununla dini ayinləri icra etməyə mane olmağa görə cərimələrin maksimal həddi 2000 manatadək, dinə etiqada məcbur etməyə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cərimələrin maksimal həddi 9000 min manatadək artırılıb.
Cinayət Məcəlləsinə bu məzmunda 167-2-ci maddə əlavə edilib:
Maddə 167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma
167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-2.2. Eyni əməllər:
167-2.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
167-2.2.2. təkrar törədildikdə;
167-2.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır