Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İHH-nın sədri Bülənt İldırım, Azərbaycanda hökm sürən hicab qadağasına etiraz etdikləri üçün ağır həbs cəzalarına məhkum edilən İslam Partiyasını sədri Mövsüm Səmədov, Abgül Süleymanov, Zülfüqar Mikayılzadə və digər hicab mahbusları ilə əlaqədar olaraq "Allah bu günahı işləyənlərə bir gün mütləq cəzasını verəcək" deyib.
O çıxışını belə davam etdirib, "İslamın əsas qaydalarından biri olan hicab ilə əlaqədar xüsusilə İslam cəmiyyətlərində çox təəssüf ki, qadağalar gətirilir. Lakin bu günə qədər hicab əleyhinə mübarizə aparan heç bir iqtidar uzun ömürlü olmamışdır. Biz bunu Türkiyədə gördük. Hicab qadağasının ən şiddətli olduğu Türkiyə və Tunisdə bu gün o qadağanı qoyanlar yox olub. Buna görə də bütün İslam ölkələrinə və liderlərinə buradan səslənirik, yaşanılmış səhvləri təkrar etməyin, dinin əmrləri ilə qarşı-qarşıya gəlməyin. Çünki Allahdan böyük heç kim yoxdur".
İHH-nın sədr müavini Vəkil Güldən Sönməz də Azərbaycandakı hicab qadağası və hicab məhbusları ilə bağlı deyib: "Hicab qadağası tətbiq olunduğu heç bir yerdə uzunömürlü olmamışdır. Çünki inanca və fitrətə zidd heç bir şey heç bir cəmiyyətdə zorla həyata keçirilə bilməz. Bununla mübarizə etmək mümkün deyil, heç bir güc də bununla savaşa bilməz. Ağıl sahibi olan rəhbərliyin dini inancla mübarizə aparmaması lazımdır. Hicab qadağası da bunun ən bariz nümunəsidir. Bu qadağa bir vaxtlar Türkiyədə də tətbiq olunmuşdu. Türkiyədə də qadınlar və kişilər qadağaya qarşı mübarizə etmişdir. Azərbaycandakı qardaşlarımızın bu mübarizəsi şübhəsiz ki çətin bir mübarizədir, ancaq inancını azad şəkildə yaşamaq istəyənlər əlbət ki, qalib olacaqlar. Bu müqayisə olunmazdır".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır