10 oktyabr 2011 - 20:30

Biz səni unutduq, heç olmasa sən bizi unutma!

Salam Mübariz

Canım igid qəhrəmanım! Bilirəm bizdən çox nigaransan. Hərçənd məktubunda səndən nigaran qalmamağı yazmışdın. Biz sənin sözünə “əməl etdik.” Unutduq səni. Qarabağı işğal günlərində xatırladığımız kimi səni də ancaq doğum və ölüm günündə xatırlayacağıq. İncimə qardaş bu bizim qanımızdadır. İndi sən də dönüb oldun bizlər üçün 100 il bundan qabaqkı adam. Hay-hüy saldıq, adına məktəb qoyduq, küçə filan ki səni əbədiləşdirəcəyik. Amma… Sən demə bütün bunlar sadəcə bir göstəriş imiş. Sənin qəhrəmanlığın bizlərə örnək olacaq yerinə biz səni unutmağa qərar verdik. Qınama bizi qardaşım. Bax sən tək deyilsən. Səndən əvvəl şəhid olan neçə-neçə oğlanlarımız var. Onlar da yaddan çıxıb. Düzdür heç kəs və heç nə unudulmur deyirik. Amma bu sözdədir. Sabir demiş iş görəcək yerdə söz əzbərləməyi bacarırıq.

Yaxın günlərdə ziyarətinə gəlmişdim. Səssizlik və tənhalıq tək sənin deyil orda yatan bütün şəhidlərin qismətidir. Bu artıq neçənci ziyarətimdir ki, sizi tənha görürəm. Nə demək olar. Xalqımız dəyərlərinə, ideallarına yadlaşır. Çünki xalqımızın yeni "eurovision"-u var. Daha Qarabağıda xatırlamır. Sən elə bir iş gördün ki, əgər bu düşmənlərdə olsaydı səni heç vaxt unutmazdılar. 

Ermənilərin bir qaniçən terrorçu avoları var. Onu da ki, bir Azərbaycan oğulu it kimi gəbərdib. Özü də təkbətək döyüşdə. Ermənilərin az qala adını belə çəkəndə qorxduqları avonu İbad adlı bir oğlan özü də cəmi 22 yaşı olanda başını kəsib. Amma ermənilər onun başsız bədəni basdırılan yeri bu gün ziyarətgaha çeviriblər. Amma sənin məzarına…Eh qardaş biləsən ki, hələ də Qarabağı ala bilməmişik. Hələ ümidimizi dikmişik bir-iki gədə-güdəyə ki, gəlib torpağımızı alıb bizə verəcəklər. Erməni isə Qarabağda seçkilər keçirir, artıq özünü oralı hesab edir.

Əzizim Mübariz! Məktubunda ibadətimizə diqqət etməyi tapşırmışdın. Amma buna da imkan vermirlər. İbadətin bizi olan namazı qılmaq üçün həbsxanada arayış istəyirlər. Gərək yaşadığın yerdən, məsciddən axundun imzası, möhürü ilə arayış ola ki, namaz qıla bilək. Hə bir də hicab geyinməyə qoymurlar. Balaca qızlarımız gərək soyunsunlar. Sən isə bizə ibadətimizdə möhkəm olmağı tapşırmışdın. İbadətində möhkəm olub, zülmə qarşı çıxan 7 nəfəri isə bu yaxında məhkəmədə hökm oxudular. Onlara terrorçu, adam öldürən damğası vurub hərəsinə 12 il həbs verdilər. Bilmirəm xəbərin oldu ya yox? Dedim ki, bunu da biləsən.

Salamat qal Mübariz. Biz səni unutduq, heç olmasa sən bizi unutma!

P.S. Hə bir də lap yadımdan çıxmışdı. Əhmədə də Fəridə də salam de. Onlar deyəsən elə mənim də yadımdan çıxıb…

Tural Əliyev