Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin (ETTELAAT) rəhbəri Heydər Moslehi jurnalistlərlə görüşündə sionist qüvvələr ilə əlaqədə olan BBC-nin farsdilli televiziyası ilə əməkdaşlıqda şübhəli bilinən daha bir neçə fərdin məsuliyyətə cəlb edildiyini bildirib.
Heydər Moslehi deyib ki, onun başçılıq etdiyi nazirlik bundan əvvəl BBC ilə hər hansı bir əməkdaşlığın yolverilməz olduğu haqda xəbərdarlıq etmişdi: “BBC ilə əməkdaşlıq edən, onunla əlaqədə olanlar haqqında mühüm məlumatlar əldə edilib və bununla bağlı daha bir neçə nəfər məsuliyyətə cəlb edilib. Məsələ ondan ibarətdir ki, İngiltərə xüsusi xidmət orqanları BBC pərdəsi altında İran İslam Respublikasına zidd yeni fəaliyyət mərhələsinə başlayıblar. Biz isə bu təxribatçı fəaliyyətlərin qarşısını almaq istəyirik.
Biz həmin şəxsləri ən qısa bir zamanda tutub həbs etdik. Bizim heç kəslə zarafatımız yoxdur. Bu şəxsləri tutarkən də istər daxildən, istərsə də xaricdən mümkün reaksiyaları da nəzərə almışdıq. Biz bir daha islam inqilabına və İrana zidd bu təşkilatla (BBC) əməkdaşlıq fikrinə düşənlərə xəbərdarlıq edirik ki, onun zahiri fəaliyyətinə və şüarlarına aldanmasınlar. Biz bütün bu əlaqələri nəzarət altında saxlayır, vaxtı gələndə lazım olan tədbirləri görəcəyik”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır