Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyulun 18-i Gəncə Apellyasiya Məhkəməsində əliyevlərin represiyasına tuş gəlmiş Höccətul İslam Hacı Azər Cəbiyevin şikayətinə baxılıb. Vəkil Elçin Namazovun verdiyi məlumata görə, hakim Ceyhun Əhmədovun hökmü ilə Azər Cəbiyevin ittiham maddəsi dəyişdirilib.
Höccətul İslam Hacı Azər Cəbiyev Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) şərlənərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Gəncənin Nizami Rayon Məhkəməsi isə Azər Cəbiyevi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) şərləyərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Vəkil Elçin Namazov Gəncə Apellyasiya Məhkəməsinin qərarının da qanunsuz olduğunu qeyd edib: “Qərar həm də ədalətsizdir. Çünki Cinayət Məcəlləsinin 221.2.2 maddəsində həbsə alternativ cəza - 2 il müddətində islah işləri də nəzərdə tutulur. Biz şikayət verərkən Azər Cəbiyevə bəraət istəmişdik və bunun reallaşması üçün bütün mümkün dəlilləri ortaya qoyduq. Amma məhkəmə qərəzli hökm çıxardı. Qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək”.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlu məsələni şərh edərkən bildirib: "Əlbəttə ki, hörmətli ilahiyyayçı Azər Cəbiyevin üzərindən əsassız maddələrdən birinin götürülməsi - ümumilikdə müsbət haldır. Lakin, DEVAMM olaraq, biz onun və digər ilahiyyatçıların, həbs olunmuş dindarların tamamilə azadlığa buraxılmalarını, bəraət almalarını istəyirik. Həzrət Peyğəmbərin (s) mövludunda döyülüb həbs edilənlərin, müxtəlif illərdə şərlənərək tutulanların, bu il həbs edilən Hacı Mövsüm və digər AİP fəallarının, Hacı Talenin və mitinqə görə həbs edilmiş digər məhbusların və bütün digər ilahiyyatçı və dindarların tezliklə azadlığa çıxmasını istəyirik. Hesab edirik ki, bunun üçün bütün imkanlar yaranıb, mübarək Ramazan ayı yaxınlaşmaqdadır, şəfqət və mərhəmət yüklü Şəban ayının günlərini yaşayırıq. Allah Təala tezliklə cəmi məhbusların qapılarını açsın!".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır