12 iyul 2011 - 19:30

Ər və arvad öldürüldü. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan paytaxtında daha bir dəhşətli qətl törədilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Cinayət Ağa Nemətulla küçəsi ev 62, mənzil 16 ünvanında qeydə alınıb. Sözügedən mənzildə yaşayan şəxslərin öldürülməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvana əməliyyat qrupu göndərilib.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, adıçəkilən ünvanda yaşayanlar - 80 yaşlı Cabbar Əkbərov və onun həyat yoldaşı, 76 yaşlı Telli Cabbarova bıçaqlanaraq xüsusi amansızlıqla qətlə yetiriliblər.

Baş vermiş hadisə ilə bağlı cinayət işi Bakı şəhər prokurorluğunun istintaq idarəsinin icraatına verilib. Bakı şəhər prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri aparılır.

Hadisənin motivi və onu törədən şəxslər hələlik müəyyən edilməyib. Cinayəti törədənlərin müəyyənləşdirilib tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır