25 iyul 2011 - 19:30

Elşən Mustafoğlu: "İnanmıram ki, Türkiyədə, Ərəbistanda bu işlə məşğul olan böyük şirkətlər olan yerdə, Qafqaz Müsəlmanlar İdarəsi işğalçı İsrail rejiminin şirkətləri ilə bu səfəri həyata keçirsin.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı İsrailin Elita VİP Tours turizm şirkətinin rəhbəri Şmuel Rahman bugünlərdə Bakıda iki yerli turizm şirkəti ilə İsraildəki müqəddəs məkanlara kiçik Həcc ziyarətinin (Ümrə) təşkilinə dair müqavilə bağlayıb. Bu müqaviləyə əsasən azərbaycanlılar böyük Həcc ziyarətinə İşğalçı İsrail üzərindən keçərək gedəcəklər.

Şirkət rəhbəri Ş.Rahman bildirib ki,  “zəvvarlar bu yolla getməklə onlar İsraildə müsəlmanların müqəddəs məkanlarının necə qorunduğunu görəcək, bizim müsəlmanlarla savaşmadığımıza əmin ola bilərlər".

Mövzu ilə bağlı Faktxeber.com-a açıqlama verən ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu illərdir müsəlmanlarin qətliam edərək torpaqlarını işğal edən İsrail rejiminə aid olan şirkətin bu səfəri Azərbaycanda təşkil etməsinin heç bir halda yolverilməz olduğunu bildirdi:

“Ümumiyyətlə əgər belə bir xəbər həqiqətdirsə, bu ilk növbədə müsəlmanların dini heysiyyatının təhqir olunması deməkdir. Belə ki, İslamın müqəddəs torpaqlarını işğal etmiş qeyri-müsəlman və işğalçı bir rejimin Həcc ziyarətini təşkil etməsi əxlaq normalarına ziddir. Müsəlmanların ziyarətini nəyə görə işğalçı bir dövlət təşkil etməlidir ? İsrail hazırda müsəlman torpaqlarını işğal edib və bu işğalına haqq qazandırmaq istəyir. Bu günə qədər İsrail  BMT-nin onlarla qətnaməsinə məhəl qoymayaraq, öz işğalçılıq siyasətini davam etdirir. İşğalçı ölkənin vasitəsilə Azərbaycanlı zəvvarların ziyarət səfərinin təşkil olunması qəbulolunmazdır. Belə bir halın baş verməsinə mən ümid etmirəm. Bu işin həyata keçirilməsində ola bilsin əsas məqsəd həmin şirkətlərin qazanc əldə etməsidir. Lakin belə bir fakt ortalıqda olsa, bu müsəlmanların heysiyyatı ilə oynanılan bir addım kimi dəyərləndirilməlidir. Mən inanmıram ki, Türkiyədə, Ərəbistanda bu işlə məşğul olan böyük şirkətlər olan yerdə, Qafqaz Müsəlmanlar İdarəsi işğalçı İsrail rejiminin şirkətləri ilə bu səfəri həyata keçirsin. İslam dininin ən ülvi dəyərlərindən hesab olunan Həcc mərasimini hər hansı siyasi məqsədlər üçün istifadə etmək heç bir insani normalara sığan hal deyil. Mən ümid edirəm ki, bu məsələ baş tutmayacaq.»

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır