Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistanın ilk prezidenti, müxalif Erməni Milli Konqresinin sədri Levon Ter Petrosyan Rusiyanın “Moskovskiye novosti” qəzetinə müsahibəsində Dağlıq Qarabağ problemindən danışıb.
“Qarabağ münaqişəsi ilə bağlı proqnozunuz nədir” sualına sabiq prezident belə cavab verib: “Qərb problemin həlli üçün kifayət qədər səy göstərmir, çünki bu, prioritet deyil. Amerikanın İraq, Əfqanıstan, İran, Şimali Koreya kimi nəhəng problemləri var. Bura əlləri çatmır. ABŞ nə qədər varlı olsa da, ehtiyatları məhduddur. Bu bir tərəfdən münaqişənin həllini təxirə salır, digər tərəfdən Rusiyaya bu məsələdə daha fəal olmağa imkan yaradır.
Rusiya Qarabağ məsələsində daha fəal siyasət aparır. Bu göz qabağındadır. Prezidentlərin görüşü, bəyanatların imzalanması, üçtərəfli bəyannamələr belə bir fikir yaradır ki, problemin həlli təşəbbüsü Rusiyanın əlinə keçir. Rusiyanın şansı var. Mən əminəm ki, münaqişə tərəfləri bu yolla getməyə razılıq versə, Qərb məsələnin həllinin əleyhinə olmayacaq. Hələlik Rusiyanın apardığı prosesin uğur qazanmaq ehtimalı var. Amma bu proses də tez bir zamanda uğur gətirməsə, müharibə qaçılmazdır. Azərbaycanın səbri yoxdur. Prezident kim olur-olsun, Ermənistan müharibəyə təşəbbüs göstərməyəcək. Savaş yalnız Azərbaycanın təşəbbüsü ilə başlaya bilər. Ən təhlükəlisi də odur ki, heç kim Azərbaycanın əlindən tutub saxlaya bilməz”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır