30 may 2011 - 19:30

Həzrəti Muhəmməd Peyğənbər (səlləllahu əleyhi və alih): “Oruc tutun! Sağlam olarsınız”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya siqaretə yox demək üçün bütün gücünü sərf edir. Bu gün bütün dünya elə bundan danışır.

Siqaret! İnsanın sonuna çıxan “sülh çubuğu” kimi kovboy kinolarında təbliğ edilən zəhərli maddə.

Siqaretlə mübarizədən, siqareti tərgitməyin asan yollarından, siqareti tərgitməyə kömək edən qidalardan danışaq. Əvvəlcə bu gündən başlayaq.

Ümumdünya Siqaret Çəkməyə Qarşı Mübarizə Günü 1987-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr tərəfindən təsis edilib. Siqaretlə mübarizə günü hər il 31 may tarixində qeyd edilir. Bu gün siqaret çəkmənin təhlükələri, tütün məmulatları istehsalçılarının biznes praktikası, “tütün” epidemiyasına qarşı ÜST-ün fəaliyyəti və bütün dünya əhalisinin öz sağlamlığını və sağlam həyat sürmək hüququnu qorumaq üçün nə edə biləcəyi haqqında maarifləndirmə aparılır.

 

2 qutu siqaretin tərkibində olan nikotin birdəfəyə insanı öldürə bilir

Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyən edilib. Bunlardan ən zərərlisi olan nikotin, qatran, karbon monoksid (CO) və xərçəng yarada bilən maddələrdən ibarətdir. Nikotindən tibbi məqsədlərlə istifadə olunmur, çünki zəhərli maddədir. O ən zəhərli maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamın damarına vurularsa, bu halda həmin adam ölə bilər. Burada məsələnin maraqlı cəhəti həmin həcmdə (100-120mq) maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır. Gündə 2 qutu siqaret çəkənlərin birdən-birə zəhərlənməmələrinin səbəbi siqareti yandıraraq çəkmələridir. Onlar yavaş-yavaş zəhərlənirlər. Siqaret yandırılarkən siqaretdəki nikotin havaya yayılır və yalnız müəyyən bir hissəsi orqanizmə keçir. Sadəcə 1 siqaret çəkən hər hansı 1 adamın orqanizminə 1,2-2 mq miqdarında nikotin keçə bilir.

 

Tütünü kəşf edənlərin sonuna tütün çıxdı

İlk dəfə tütündən istifadə edən amerikalı hindular siqaretdən şeytanı çağırmaq üçün istifadə edirmişlər. Mayya hinduları tütünü yalnız dini ayinlərdə çəkərdilər. Xristofor Kolumb və onun komanda üzvlərinə məhz tütünü hədiyyə edən də elə Mayya hinduları olublar. Sonralar amerikan hinduların kökü müxtəlif xəstəliklər ucbatından kəsildi. Bəşəriyyətə böyük bir sivilizasiya bəxş etmiş bir xalqın kökünə tütün son qoydu.

 

Hər siqaretə insan ömrünün 5 dəqiqə 30 saniyəsi qurban edilir

Araşdırmalar göstərib ki, siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır. 1 siqaret insanın ömrünü 5 dəqiqə 30 saniyə azaldır. Bu gün siqaret xərçəng xəstəliyinin yayılma səbəbinin kökündə durur.

 

Siqaretin ölüm saçan təsirləri

Siqaret tüstüsünün verdiyi zərəri atom bombasının ətrafa saçdığı zəhərlə müqayisə edirlər. Siqaretin zərərləri haqda çox danışılıb. Ümumilikdə siqaret bütün orqanizmin fəaliyyətinə çox pis təsir göstərir, həzm sistemini pozur, tənəffüs orqanlarında müxtəlif xəstəliklər yaradır. Ağciyər və qırtlaq xərçənginin yaranma səbəbinin 90%-i siqaretlə bağlıdır. Qan dövranı sistemini pozur. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə infarkt və infarktdan ölüm halları 10 dəfədən çox müşahidə edilir. Bundan əlavə siqaret çəkənlərdə yaddaş zəifləyir, buna səbəb damarlarda kirəclənmənin olmasıdır. Əhval-ruhiyyə pozulur, dəridə qırışlar yaranır və s. Bildiyimiz kimi, orqanizmdə bütün proseslər zəncirvari şəkildə bir-birilə əlaqədardır. Bunlardan birinin zədələnməsi digərlərinə də avtomatik şəkildə təsir edir.

 

SOS!

Dünya əhalisinin 60%-i Asiya qitəsində yaşayır. Siqaret istehsalçıları bazar tapmaqda çətinlik çəkmirlər. Əhalinin sağlamlıq haqqında bilgilərinin az olmasından istifadə edən işbazlar siqaret çəkməyə həvəsləndirən müxtəlif reklamlardan istifadə edirlər. Ölkəmizdə də siqaret xüsusilə gənclərin həyatını məhv etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əgər əlavə tədbirlər görülməsə, 2030-cu ilədək siqaret hər il 8 milyon nəfərin ölümünə səbəb olacaq. Statistikaya görə, əgər XX əsrdə tütün epidemiyası 100 milyon nəfəri öldürmüşdüsə, XXI əsrdə hazırkı tendensiya dəyişmədən qalsa, tütün qurbanlarının sayı 1 milyard nəfərə çatacaq.

Ümumdünya Səhiyyə Təşkilatı siqaret çəkməyə qarşı mübarizə aparmaq üçün maraqlı təklif irəli sürüb. Təklif ondan ibarətdir ki, siqaret çəkən insanlar həftənin müəyyən günləri - cümə, şənbə və bazar günləri nikotin qəbul etməsin. Son zamanlar bir çox ölkələr siqaret qutusunun üzərində siqaretin törətdiyi fəsadlar və eybəcərləşmiş orqanların və ya insanların şəklini əks etdirirlər. Bu yolla insanları siqaret çəkməkdən yayındırmağın mümkün olduğu düşünülür.

 

Siqareti çəkmək üçün bəhanələr və həlli yolları

Siqaret çəkənlərin çox zaman düşündükləri yanlış fikirlər bunlardır:

Sinirlərimi sakitləşdirir: Siqaret çəkmək yerinə dərindən bir neçə dəfə nəfəs almanız və ya qurtum-qurtum bir stəkan su içməniz daha təsirli olacaqdır. Bu həm də ağciyərinizin sağlam olması deməkdir.

Məni canlandırır: Səhər-səhər bir siqaret çəkmək bəlkə də yuxunuzun qaçmasına kömək edə bilər. Bunun yerinə əl-üzü soyuq su ilə yumaq və 5 dəqiqə idmanla məşğul olmaq daha yaxşıdır. Bu həm də tez qocalmanızın qarşısını alır.

Sıxıntılarımı aparır: Birini gözlərkən sizin zamanınızın keçməsi üçün bir siqaret yandırmanız bəlkə də biraz sıxıntılarınızı aparır. Ancaq bunu qəzet, jurnal və ya kitab oxuyaraq, meyvə və ya çərəz yeyərək də edə bilərsiniz. Həm də xərçəng xəstəliyinə tutulma riskiniz olmaz.

Düşünməmə kömək edir: Əslində siqaret çəkməsəniz, daha yaxşı düşünərdiniz. Çünki hər nəfəs alanda siqaret təxminən 100.000 beyin hüceyrəsini öldürür.

Kökəlməmə mane olur: Unutmayın, bir neçə kilo kökəlməyiniz sağlamlığınız üçün lazımsız ola bilər, ancaq siqaret sizi sürətlə ölümə aparır.

Siqaretdən zövq alıram, ya da siqareti sevirəm: Bir insanın quru, üstəlik zəhərli, ölüm saçan bir otu sevməyi çox düşüncəsiz bir hərəkətdir.

 

Siqareti niyə tərgitməliyəm?

Siqaret orqanizmin, insanlığın, insanın, bütün bəşəriyyətin düşmənidir. Siqareti tərgitmək üçün sonsuz sayda səbəblər vardır. Bunlardan ən əsası sağlamlığa dəyər vermək, müxtəlif xəstəliklərin qurbanına çevrilməmək, ətrafdakı insanların sağlamlığını düşünmək, özündən böyüklərə və özündən kiçiklərə nümunə olmaq, həyatdan daha yaxşı zövq almaq, həyatı utanmadan rahat yaşamaqdır. Sadəcə bunu fikirləşin: Üstünüzdən nikotin iyi gəlməyəcək. Dişləriniz sağlam və şəffaf görsənəcək. Üzünüz güləcək, rənginiz açılacaq.

 

Siqareti tərgidən kimi orqanizmdə nələr baş verir?

- 20 dəqiqə sonra: Qan dövranı tənzimlənir. Buna görə də əllər və ayaqlar isinməyə başlayır.

- 8 saat sonra: Qanda oksigenin həcmi artır. Ürəyin fəaliyyəti normallaşır.

- 24 saat sonra: Zəhərli maddə olan karbon monoksid orqanizmdən xaric olur. Ağciyərlərdəki bəlğəm azamağa başlayır.

- 48 saat sonra: Nikotin orqanizmdə artıq olmur. Dad və qoxu hiss etmə qabiliyyəti normala dönür.

- 72 saat sonra: Tənəffüs yolları tüstüdən tam təmizləndiyi üçün nəfəs almaq asanlaşır.

- 2-12 həftə sonra: Qan dövranı bütün bədəndə düzəlir. Yerimək asanlaşır.

- 3-9 ay sonra: Öskürək, nəfəs darlığı düzəlir. Ağciyərin fəaliyyəti yüzdə 5-10 nisbətində artır.