26 may 2011 - 19:30

Mayın 26-da Serbiyanın xüsusi xidmət orqanları Bosniya serblərinin keçmiş lideri Ratko Mladiçə oxşar, özünü Milorad Komadiç kimi təqdim edən şəxsi tutublar.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 26-da Serbiyanın xüsusi xidmət orqanları Bosniya serblərinin keçmiş lideri Ratko Mladiçə oxşar, özünü Milorad Komadiç kimi təqdim edən şəxsi tutublar.

Serbiya polisi Komadiçin bəzi əlamətlərinin Mladiçə oxşadığını bildirir. Ratko Mladiçin Milorad Komadiç adı altında gizləndiyi güman olunur.

Yekun nəticə çıxarılması üçün DNK analizi götürülüb. Analiz nəticəsinin üç günə bilinəcəyi vurğulanır.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal 1996-cı ildə Ratko Mladiçi hərbi cinayətlərdə, həmçinin soyqrımda təqsirli bilinib. Yuqoslaviyada Slobodan Miloşeviç rejimi devrildikdən sonra Mladiç gizlənmək məcburiyyətində qalıb. 2006-cı ildə onun həbsi haqda məlumat yayılsa da, sonradan bu xəbər təkzib olunub.

Haaqa məhkəməsi Mladiçin Bosniyada Xorvatiya və müsəlman əhalisinə qarşı soyqırımda məsuliyyət daşıdığını hesab edir. Uzun zaman Mladiçlə birlikdə Serbiya Respublikasının sabiq lideri Radovan Karaciç də axtarışda olub. Karaciç 2008-ci ildə Serbiyada həbs edilib.

Mayın 26-da təcili mətbuat konfransı keçirən Serbiya prezidenti Ratko Mladiçin bu gün səhər ölkə ərazisində təhlükəsizlik orqanlarının apardığı əməliyyatda həbs olunduğunu və artıq ekstradisiya prosesinin başlandığını vurğulayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır