Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 24-də Nəsimi Rayon Məhkəməsində xalq hərəkatı fəalı Nemət Pənahlının və onun dostu Ceyhun Fərzullayevin mühakiməsi davam edib. Yanvarın 8-də tutulan Nemət Pənahlı və Ceyhun Fərzullayev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Slahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) şərlənirlər. Şərlənmə əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər.
Vəkil Samir İsayev açıqlamasında deyib ki, bu gün prosesdə müdafiə tərəfinin şahidləri dindirilib: “Bu şahidlər ibtidai istintaq zamanı dindirilmişdi. Lakin istintaq onları şahid kimi məhkəməyə təqdim etməmişdi. Ötən prosesdə həmin şahidlərin məhkəməyə çağırılıb dindirilməsi haqda vəsatət verdik və hakim vəsatəti təmin etdi. Beş nəfər şahiddir. Onlar arasında polis əməkdaşları da var. Həmin şahidlər bu gün ifadə verdilər. Şahidlərin hamısı Nemət Pənahlının və Ceyhun Fərzullayevin xeyrinə ifadə verdilər. Dedilər ki, küçədə dava olmayıb, sadəcə, iki nəfər söhbət edirdi”.
Vəkil bildirib ki, prosesdə iş üzrə ekspertiza aparan məhkəmə tibbi eksperti də ifadə verib. Müdafiə tərəfi zərərçəkən Eldəniz Rzayevin müalicəsinə dair sənədlərin götürülməsi haqda da vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib: “Dövlət ittihamçısı məhkəmə istintaqının yekunlaşdırılması haqda vəsatət verdi. Lakin hakim vəsatəti təmin etmədi. Hakim hesab edir ki, sübutlar tam araşdırılmayıb, bütün şahidlər dindirilməyib. Ona görə də proses davam etdirilməlidir”.
Samir İsayev deyib ki, növbəti iclasın mayın 27-də keçiriləcək və prosesdə Nemət Pənahlı və Ceyhun Fərzullayev ifadə verəcək, müdafiə tərəfinin daha bir şahidi dindiriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır