23 may 2011 - 19:30

MƏHKƏMƏ NƏZARƏTÇİLƏRİ İLƏ HAKİM TOQQUŞDU

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Səbail Rayon Məhkəməsi İctimai Palatanın 2 aprel mitinqinə görə 2 aylıq həbs edilən Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və gözdən əlil, bitərəf Elnur İsrəfilovun ev dustaqlığına buraxılması haqda vəsatətləri təmin etməyib. Məlumatı “Media forum” saytına vəkil Yalçın İmanov verib.

Vəkil deyib ki, Əhəd Məmmədlinin cəzasının ev dustaqlığına dəyişdirilməsi üçün verdiyi vəsatətə mayın 24-də hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılıb: “Məhkəmə prosesinə Əhəd Məmmədli də gətirilmişdi. Hakimin nəzərinə çatdırdım ki, Əhəd Məmmədlinin daimi yaşayış yeri məlumdur, istintaqın obyektiv aparılmasına təsir etmək imkanı yoxdur, çağırışlara vaxtlı-vaxtında gələcək, cəmiyyətdə ictimai-siyasi xadim, dürüst insan kimi tanınıb, uzun illərdir jurnalist işləyir, ölkənin ən nüfuzlu idman nəşri olan “Futbol+” qəzetinin əməkdaşıdır. Ona görə də Əhəd Məmmədlini ev dustaqlığına buraxmağın heç bir təhlükəsi yoxdur. Əhəd Məmmədli də vəsatəti müdafiə etdi. Hakim qısa müşavirəyə getdi və qayıdıb heç bir əsas göstərmədən vəsatəti təmin etmədi”.

Elnur İsrəfilovun ev dustaqlığına buraxılması haqda vəsatət də təmin olunmayıb. İşə hakim Elnur Həsənovun sədrliyi ilə bağılıb.

Yalçın İmanov açıqlamasında deyib ki, proses başlayan kimi müdafiə etdiyi şəxsin dəmir barmaqlıqlar arasından çıxarılıb vəkilin yanında oturdulmasına dair vəsatət verib: “Hakim Elnur Həsənov vəsatəti təmin etdi və məhkəmə nəzarətçilərinə Elnur İsrəfilovun dəmir barmaqlıqlar arxasından çıxarmaq göstərişi verdi. Lakin gözlənilmədən nəzarətçilər buna etiraz etdi. Dedilər ki, yuxarının göstərişi olmadan təqsirləndirilən şəxsi dəmir barmaqlıqlar arxasından çıxarıb vəkilin yanında oturda bilməzlər.

Hakimlə nəzarətçilər arasında mübahisə yarandı. Nəzarətçilər zaldan çıxıb kiməsə zəng etdilər. Qayıdıb hakimə dedilər ki, yuxarı icazə vermir. Hakim möhkəm hirsləndi və prosesdə fasilə elan etdi, dedi ki, mən qayıdana qədər məhkəmənin qərarı icra olunsun. Hakim zala qayıdanadək Elnur İsrafilovu dəmir barmaqlıqlar arxasından çıxarıb vəkilin yanında oturtdular. Lakin əlləri qandallı. Qandalın əlindən çıxarılması haqda yeni vəsatət verdim. Hakim təmin etdi. Bundan sonra Elnurun əllərini açdılar. Məhkəmədə baş verənlərə görə protokol tərtib olundu. Hakim dedi ki, məhkəmənin qərarına əməl etməyən vəzifəli şəxslər barəsində qəti ölçü götürüləcək”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır