Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Vəkil Dilqəm Ağayev deyib: “Hicab aksiyasına görə inzibati qaydada həbs edilənlərin əksəriyyəti azad olunub. Yalnız 12 və 15 sutka həbs cəzası alanlar qalıb. 15 sutka həbs cəzası alan ilahiyyatçı Taleh Bağırov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişəm”.
Vəkil bildirib ki, T.Bağırov İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılıb lakin əslində isə bu sadəcə bir azad vətəndaşı şərləməkdir: “Birinci instansiyanın qərarı verilən gündən 10 gün ərzində apellyasiya şikayəti təqdim edə bilərik və artıq bunu eləmişəm. Məhkəmə işin mahiyyətinə uyğun olmayan, qanunvericiliyin tələbində göstərilməyən hallara söykənib qərar verib. Qərar cəmi iki cümlədən ibarətdir, şəxs barəsində nə ağırlaşdırıcı, nə yüngülləşdirici halın tətbiq edildiyi görünür, eyni zamanda həmin maddənin sanksiyasında cərimə olduğu halda hakimin yalnız 15 sutkanı seçməsi qanunvericiliyə ziddir”.
T.Bağırov Binqədi rayonundakı İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasında cəza çəkir.
“Hicaba azadlıq” aksiyası mayın 6-da Bakıda keçirilib. Bu aksiyaya görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır