Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Suriyaya silahlı çevriliş yolu ilə hakim kəsilmiş vəhhabi əqidəli terrorçu Qolani- Colani rejiminin xarici işlər naziri Əsəd əş-Şeybani Dəməşqlə İsrail arasında təhlükəsizlik danışıqlarının dayandırıldığını, lakin Suriya tərəfinin bu danışıqların yaxın vaxtlarda bərpa olunacağına ümid etdiyini bildirib.
Əş-Şeybani “Reuters” agentliyinə müsahibəsində deyib ki, danışıqlar İranla İsrail arasındakı müharibədən sonra dayandırılıb.
Nazir Dəməşqin İsraillə əlaqələrin davam etdirilməsində maraqlı olduğunu, lakin hazırda İsrailə etimad göstərmədiklərini vurğulayıb. Onun sözlərinə görə, danışıqlar nəticə verməsə, belə əlaqələrin davam etdirilməsinin də mənası qalmayacaq.
Əş-Şeybani bildirib ki, ABŞ tərəfləri danışıqlar masasına qaytarmağa çalışır və Vaşinqton İsraili Suriya ilə dialoqu bərpa etməyə və razılaşma əldə etməyə çağırır.
Bununla belə, Suriya XİN rəhbəri bu səylərin nəticəsi ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirib. O, İsrailə güvənməyin çətin olduğunu, buna baxmayaraq Dəməşqin region ölkələri ilə sabit münasibətlər qurmaq və problemləri diplomatik yollarla həll etmək istədiyini deyib.
Əş-Şeybaninin sözlərinə görə, Dəməşq və Təl-Əviv cari ilin əvvəlində təhlükəsizlik sazişinin əsas müddəaları ilə bağlı ilkin razılaşmaya yaxın olublar.
Onun bildirdiyinə görə, mümkün razılaşma İsrailin Suriyaya hücum etməməsi və ölkənin daxili işlərinə müdaxilə etməməsi ilə yanaşı, sərhədə yaxın ərazilərdə təhlükəsizlik tədbirlərini də əhatə edə bilərdi. Bu razılaşmanın İsrail qüvvələrinin Bəşşar Əsəd hakimiyyətinin devrilməsindən sonra nəzarətə götürdüyü Suriya ərazilərindən çıxarılmasına şərait yaratması nəzərdə tutulurdu.
Suriya rəsmisi bildirib ki, Dəməşq indiyədək İsrailin razılaşmanı yekunlaşdırmaq üçün “real iradə” nümayiş etdirdiyinə dair əlamət görməyib.
Onun sözlərinə görə, hazırda Suriyanın əsas prioriteti İsrailin hücumlarının dayandırılmasıdır. Sülh və Qolan təpələri ilə bağlı məsələlər isə sonrakı mərhələdə müzakirə edilə bilər.
Əş-Şeybani İsrailin İdlib əyalətinin kənd ərazisində yerləşən Əbu əl-Zuhur aviabazasına son hücumunun da gərginliyi artırdığını bildirib.
Suriya xarici işlər naziri ölkəsinin Türkiyə ilə hərbi əməkdaşlığına da toxunub. O, Dəməşqin Türkiyənin təlim və hərbi əməkdaşlıq sahəsində dəstəyini alqışladığını və region ölkələrinin köməyi ilə ölkənin hərbi imkanlarını gücləndirmək niyyətində olduğunu deyib.
Əş-Şeybani ABŞ-ın Suriya, Türkiyə və İsrail arasında qarşıdurmanın qarşısını almaq məqsədilə mexanizm yaratmaq təşəbbüsünə də münasibət bildirib.
O, Dəməşqin belə bir mexanizmin yaradılması ideyasına prinsip etibarilə qarşı olmadığını, lakin bunun İsrailin Suriya ərazilərində mövcudluğunun və işğalının möhkəmləndirilməsi vasitəsinə çevrilməməli olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, əsas məqsəd İsrailin hücumlarını dayandırmaq, təhlükəsizlik sazişinin əldə olunması üçün şərait yaratmaq və İsrail qüvvələrinin Suriya ərazisindən çıxarılmasını təmin etmək olmalıdır.
Sizin rəyiniz