Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İordan çayının qərb sahilinin Nablus şəhərinin şərqində yerləşən Əsgər düşərgəsində fələstinli uşaq İsrail hərbçilərinin açdığı atəş nəticəsində şəhid olub.
Qəzza zolağının mərkəzində yerləşən Ən-Nuseyrat qaçqın düşərgəsi və Əz-Zəvayidə qəsəbəsinə yəhudi işğalçıları tətəfindən endirilən zərbələr nəticəsində isə iki fələstinlinin öldüyü, yeddi nəfərin yaralandığı bildirilir.
Bəzi mənbələr Əz-Zəvayidə qəsəbəsinə endirilən zərbə nəticəsində bir uşağın da öldüyünü bildiriblər.
Məlumata görə, İsrail işğalçı qüvvələri həmçinin İordan çayının qərb sahilinin şərqində, İordan vadisində yerləşən Əl-Ouca qəsəbəsində evlərə və ticarət obyektlərinə basqın edib, sakinləri yoxlayıb.
Bununla yanaşı, Fələstin mənbələri İsrailli gəlmə məskunlaşanların İordan çayının qərb sahilinin şimalındakı Qasrədə yerləşən Rəs əl-Eyn ərazisində üç fələstinli evinin mühasirəsini davam etdirdiyini açıqlayıblar.
Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri həmin əraziyə fələstinlilərin giriş-çıxışına mane olur.
Evlərlə əlaqənin kəsilməsi və İsrail qüvvələrinin həmin ailələrə su çatdırılmasına imkan verməməsi nəticəsində üç ailənin ciddi su çatışmazlığı ilə üzləşdiyi bildirilir.
Fələstin mənbələrinin məlumatına görə, İsrail qüvvələri evlərdən birini hərbi məntəqəyə çevirib və oradakı əşyaları pəncərələrdən çölə atıb.
Bölgədə vəziyyətin gərgin olaraq qaldığı, İsrail qüvvələrinin və israilli məskunlaşanların İordan çayının qərb sahilində fəaliyyətlərinin davam etdiyi bildirilir.
Sizin rəyiniz