13 may 2011 - 19:30

«Bizə meydan oxuyanlara meydan oxumaqla cavab verəcəyik»

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yəməndə 1 aydan çoxdur istefası tələb olunan prezident Əli Abdulla Saleh tərəfdarlarına müraciətlə etdiyi çıxışında ölkə müxalifətinin ünvanına sərt mesajlar yollayıb: “Iqtidara gəlmək istəyənlər seçkilərə getməlidir. Odla oynamaqdan imtina edin”.

Ölkə müxalifətini “sabotajçılar” adlandıran Saleh əleyhdarlarına üzünü tutaraq hər hansı bir təşkilatın himayəsində hər hansı bir yerdə konstruktiv dialoqa hazır olduğunu söyləyib.

Xatırladaq ki, təxminən 33 ildir hakimiyyətdə olan Əli Abdulla Salehin istefası tələbiylə aksiyalar bir aydan çoxdur davam edir. Prezident bir neçə dəfə hakimiyyətdən getməyə, dinc iqtidar dəyişikliyinə razı olduğuna dair fikirlər səsləndirsə də sonradan verdiyi sözün üstündə durmayıb.

Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Yəməndəki böhranın həlli üçün “Yol xəritəsi” hazırlayaraq tərəflərə təqdim edib. Plana əsasən müxalifətin də iştirakı ilə müvəqqəti keçid hökuməti qurulmalı və Saleh bir ay ərzində hakimiyyəti təhvil verməli və bundan sonra 2 ay müddətinə ölkədə seçkilər keçirilməlidir. “Yol xəritəsi”nə həm müxalifət, həm də iqtidar razılıq versə də sonradan Yəmən hakimiyyəti razılaşmanı pozaraq planı imzalamaqdan imtina edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır