10 may 2011 - 19:30

“Pozitiv” Gənclər Platforması və Nəsirəddin Tusi adına “Gənc Araşdırmaçılar Klubu” “İslamofobiya” mövzusunda araşdırma müsabiqəsi elan edib.

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yazı müsabiqəsinin məqsədlərindən danışan “Gənc Araşdırmaçılar Klubu”nun eksperti Eynal Qardaşov bildirib ki, Azərbaycan gəncliyini başqasının düşüncəsinə, dözümsüzlük və onu bəyənməmə virusundan qorumaq istəyirlər: “Bu sahədə yeganə çıxış yolu maarifləndirmədir. Müasir dünyamızda - elmə, təfəkkürə, intellektual məhsula qiymət verildiyi bir vaxtda bəzi insanlarda başqasının düşüncəsinə dözümsüzlük və onu bəyənməmə var. “Mənim kimi düşünməyənlər, yaşamayanlar səhvdirlər” kimi bir əqidə formalaşır. Nəticədə müxtəlif fobiyalar əmələ gəlir. İslama münasibətdə də bu dözümsüzlük özünü göstərir. Demokratiyadan danışan ölkələrdə minarələrin, hicabın qadağan edilməsi, “Quran”ın yandırılması buna sübutdur. Bunun mənəvi terrordan başqa bir adı yoxdur”.

Ekspertin sözlərinə görə, gənclər müsabiqəyə öz araşdırmalarını təqdim etməyə başlayıblar: “Əsas istək keyfiyyət üzərində işləməkdir. Bu səbəbdən bütün müraciət edənlərin araşdırmalarını deyil, məhz daha keyfiyyətli araşdırmaları həmin forumda gənclərin təqdimatına vermək niyyətindəyik”.

Müsabiqə 2011-ci il sentyabrın 11-də yekunlaşacaq. Həmin gün müsabiqənin təşkilatçıları gənclər arasında eyniadlı forum keçirməyi planlaşdırırlar. Eynal Qardaşov qeyd edir ki, araşdırma yazıları forumda gənclərin təqdimatına veriləcək və müzakirəyə çıxarılacaq: “11 sentyabr həm də ABŞ-da “Quran”ın yandırılmasının 1 ili tamam olur. Forumun keçirilməsinin və müsabiqənin yekunlaşmasınını həmin tarixə təsadüf eləməsinin öz rəmzi mənası var.

Onu da qeyd edim ki, araşdırma yazıları “Pozitiv” adlı jurnalda çap olunacaq. Fürsətdən istifadə edib gənclərimizi müsabiqədə fəal olmağa çağırıram. Onlar öz yazılarını "pozitivik.biz@gmail.com" ünvanına göndərə bilərlər”.

2010-cu il sentyabrın 11-də ABŞ-da 11 sentyabr terrorunun növbəti ildönümü zamanı keşiş Terri Cons “Quran”ı yandırmağa hazırlaşmışdı. Son anda o, fikrindən dönsə də, ölkənin Tennessi ştatında digər 2 keşiş bu addımı atdı. Həmin vaxt hadisə haqqında məlumat yayan nüfuzlu informasiya agentlikləri xəbər verdilər ki, bu addımı atan keşişlər heç bir kilsəyə məxsus deyillər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır