Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hakimiyyətin inqilab dalğasının Azərbaycana keçməməsi üçün “xilas planı” hazırladığı barədə ötən saylarımızda məlumat vermişdik. Bildirmişdik ki, planda lobbi təşkilatları vasitəsilə beynəlxalq mediada hətta hakimiyyəti tənqid ruhunda olsa da belə, Azərbaycanda hər hansı inqilabın baş verməyəcəyi barədə məqalələrin dərc edilməsi, eyni zamanda Qərb diplomatlarının, strateqlərinin, professorlarının ölkəmizə səfərlərinin təşkili və onların burada inqilab əleyhinə danışdırılması da yer alıb.
Bunun üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb. Bu, Azərbaycanda ictimai rəyi çaşdırmaq, fəallaşan cəmiyyətin ümidsizliyə qapanması üçün düşünülüb. Yazdıqlarımız təsdiqini tapmaqdadır. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Barak Obama administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masanın keçirilməsi buna misal ola bilər. Həmin tədbirdə Israilin Hayfa Universitetinin professoru Brenda Şaffer və ABŞ-ın Corc Vaşinqton Universitetinin professoru Kori Velt əsas məruzəçilər qismində çıxış ediblər. Bu adamlar çıxışlarında Obama administrasiyasının ünvanına tənqidlər səsləndiriblər. Hətta ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginliyə görə Ağ Evi ittiham etməkdən də çəkinməyiblər. Bundan başqa Brenda Şaffer APA-ya müsahibəsində ərəb inqilablarının Azərbaycana heç bir təsiri olmayacağını iddia edib. Onun fikrincə, ümumiyyətlə inqilabların baş verdiyi ölkələrlə Azərbaycan arasında paralellər aparmaq doğru deyil. Qısası, hər iki professor əsl YAP-çı kimi Azərbaycan hakimiyyətinin hazırladığı konspekti yaxşıca əzbərləyiblər. Bu çıxış üçün isə hakimiyyət tərəfindən layiqli şəkildə mükafatlandırılıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır