18 aprel 2011 - 19:30

Səfir Məhəmmədbağır Bəhrami: “Biz viza rejimini ləğv etdikdən sonra Azərbaycandan İrana səfər edənlərin sayı 4 dəfə artıb”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami mətbuat konfransı keçirib.

İİR-nın Urmiya şəhərində Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin ötən həftə keçirilən görüşünə diqqət çəkən M. Bəhrami deyib ki, bu 3 ölkə strateji tərəfdaşdır və gözəl münasibətlərə malikdir: “Bu ölkələrin birliyi region və dünya üçün mühüm rol oynaya bilər. Görüşdə qəbul olunan bəyannamə ölkələrin inkişafına təsir etməklə yanaşı, siyasi əhəmiyyətə də malikdir. Görüş göstərdi ki, bu ölkələr regionda mövcud olan problemləri özləri həll edə bilərlər”.

İkitərəfli görüşlərə toxunan diplomat Azərbaycanla İran İslam Respublikası xarici işlər nazirləri arasında keçirilən görüşü səmərəli adlandırıb: “Sərhəd-keçid məntəqələrində müştərək gömrük məntəqələrinin açılması ilə bağlı səfirlərə tapşırıqlar verilib. Bu təcrübə artıq İranla Türkiyə arasında da var. İran İslam Respublikası Azərbaycanla birtərəfli qaydada viza rejimini ləğv edib. Həm İran İslam Respublikasından, həm də Azərbaycandan qarşılıqlı səfərlər çoxalıb. Azərbaycandan İran İslam Respublikasına səfər edənlərin sayı 4 dəfə artıb. Əgər rəsmi Bakı eyni addımı atarsa, İran İslam Respublikasından Azərbaycana səfər edənlərin də sayında bərabərlik yaranar. Buna görə də hesab edirik ki, 24 saat fəaliyyət göstərən sərhəd-keçid məntəqəsi fəaliyyət göstərməsi əhəmiyyətli olardı”.

M. Bəhrami onu da əlavə edib ki, bir həftə sonra Bakıda Xəzəryanı ölkələrin ekspertlərinin görüşü keçiriləcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır