12 aprel 2011 - 19:30

İctimai Palatanın 2 aprel mitinqində 10 nəfər - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, onun müavini Əhəd Məmmədli, partiyanın Sabunçu rayon təşkilatının fəalı Elşən Həsənov, AXCP təşkilat komitəsinin müdiri Şahin Həsənli, AXCP sədrinin müşaviri Sahib Kərimov, AXCP fəalları Məhəmməd Məcidli, Elşən Həsənov, YAP üzvü Ülvi Quliyev haqqında cinayət işi qaldırılıb və həbs qətimkan tədbiri seçilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə polis nəzarətinə verilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Artıq Apellyasiya məhkəməsi Arif Hacılının və Tural Abbaslının şikayətinə baxıb və onların şikayəti qeyri-qanuni olaraq rədd edilib. Həbs olunanlara Cinayət Məcəlləsinin  315.1 maddəsi ilə uydurma ittiham irəli sürülüb. Əhəd Məmmədli haqqında həm də 233-cü maddə ilə ittiham qaldırılıb. Elşən Həsənov haqqında isə 288-ci maddə ilə cinayət işi başlanılıb.

Müsavat Partiyası bu ittihamların hamısını qeyri-qanuni və yuxarıdan verilən  siyasi sifarişin nəticəsi hesab edir. Əslində mitinq günü  mağaza və digər ictimai obyektlərin şüşələri hakimiyyət tərəfindən öyrədilmiş təxribatçı şəxslər tərəfindən sındırılıb. Bu şəxslərin bəzilərinin şəkilləri internetdə yayılsa da, istintaq onların kimliyini hələ də müəyyənləşdirməyib.

Müsavat Partiyası müxalifət rəhbərləri və fəalları barəsində qaldırılmış bu saxta cinayət işinin əhalinin  artan siyasi fəallığının repressiv metodlarla boğulmasına yönələn addım kimi qiymətləndirir və dərhal həmin işələrə xitam verilməsini və həbs olunanların azadlığa buraxılmasını,  mitinq zamanı aksiya iştirakçılarına zor tətbiq edən və onlara göstəriş verən şəxslərin cəzalandırılmasını tələb edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.