Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi məlumata əsasən: Müsavat Partiyasının mətbuat xidmətindən FaktXeber.com-a bəyanat daxil olub. Bəyanatda bildirilir:
"Bu gün Bakıda Azərbaycan gənclərinin təşəbbüsü ilə “Böyük Xalq günü” tədbiri keçirilir. Tədbirin əsas məqsədi ölkədə baş verən özbaşınalıqlara, korrupsiya və rüşvətxorluğa, demokratik dəyərlərin addımbaşı tapdalanmasına, insan hüquqlarının pozulmasına etiraz bildirməkdir. Günorta saatlarına yaxın şəhərin mərkəzi yerlərində gənclər müxtəlif qruplarla gəzintilər təşkil edib, “Azadlıq!”, “Demokratik islahatlar aparılsın!” və başqa bu kimi şüarlar səsləndiriblər. Lakin gənclərin aksiyası hər yerdə polisin sərt müqaviməti ilə üzləşib. Onlarla gənc həbs edilib. O cümlədən, tanınmış yazıçı Əli Əkbər, gənc fəallar – Turqut Qəmbər, Təbriz Önər, Zaur Qurbanlı həbs edilərək Nərimanov rayon 18-ci polis bölməsinə aparılıblar. Hal-hazırda orada saxlanılırlar. Tanınmış jurnalist Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, Nərmin Həsənli, Anar Məmmədov, Emin Həsənli isə həbs edilərək Səbail rayon 37-ci polis bölməsinə aparılıb, sonra sərbəst buraxılıblar. Qeyd edək edək ki, təqib və təzyiqlər artıq regionlarda da başlayıb. Bu gün səhərdən Xaçmaz rayonunda Müsavat Partiyası rayon təşkilatının sədri Ramazan Əliyev, Eldar Çobanov, Fikrət Əliyev, Qoca Dustuyev, YAP üzvü Reyhan Aslanova polis şöbəsinə aparılaraq, onlara xəbərdarlıq edilib və sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, 11 mart “Böyük Xalq günü” və Müsavat Partiyasının 12 mart mitinqi ərəfəsində də ölkədə bir sıra həbslər olmuşdu. Bəxtiyar Hacıyev 1 ay, AXCP üzvü Dəyanət Babayev 10 sutka, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı, gənc fəal Rəşadət Axundov qeyri-qanuni olaraq 5 sutka həbs cəzasına məhkum ediliblər.
Müsavat Partiyası bütün bunları ölkədə sərbəst toplaşmaq azadlığının, demokratik azadlıqların, insan hüquqlarının pozulması faktı kimi qiymətləndirir və hakimiyyətdən bu özbaşınalıqlara son qoyulmasını tələb edir. Biz habelə həbs olunanların dərhal azad edilməsini, haqlarını tələb edən vətəndaşlara qarşı qeyri-qanuni hərəkət edən polislərin və buna göstəriş verən şəxslərin cəzalandırılmasını tələb edirik."
Diqqət: xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır