13 fevral 2011 - 20:30

Fazil Məmmədovun Buzovnada, Ramil Usubovun Şüvəlanda, Ziya Məmmədovun Nardaranda villası olduğu bildirilir

Bu gün bir neçə il öncə magistral yolları bağlayan, aksiyalar keçirən Bakı kəndlərində sakitlik hökm sürür. Kənardan baxana elə gəlir ki, bakılıların artıq bütün problemləri yoluna qoyulub. Amma əsl vəziyyət necədir? Doğrudanmı, istər Abşeron, istərsə də Bakının bu kəndləri əhatə edən rayonlarında problem yoxdur? Bəlkə bu özlərini hakimiyyətdə hiss edən Bakı əhlinin maraqlı xüsusiyyətidir? Yəni, hakimiyyətdə başqa bölgədən biri olanda problemləri qabardır, bu gün İlham Əliyevi özlərininki saydıqlarından səslərini çıxarmaq istəmirlər. Amma həqiqət budur ki, Abşeron yarımadasında yerləşən kəndlərin problemləri bitib-tükənməzdir.

Bəzi kəndlərin sakinləri ilə etdiyimiz söhbətlər də bunu təsdiqləyir. Onlar bildirdilər ki, hazırda Abşeron kənd və qəsəbələrində çıxan təbii sular ziyanlıdır. Çünki bu sular Bakı şəhərində çəkilən metro tunellərinin yeraltı suxurları tutması, yeraltı suların məcrasını dəyişməsi, bundan başqa Tağıyev, Suraxanı və Balaxanı neftinin yaratmış olduğu fəsadlar birbaşa Abşeron yarımadasında yaşayanların həyatlarını dözülməz hala gətirib. Vaxtı ilə əl quyularından içmək üçün çıxarılan sular, bu gün içilməz vəziyyətdədir. Həmin sular şorlaşmış, tərkibi dəyişmiş və insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilib.

“Bəs niyə Bakı kəndləri bu problemlərlə bağlı səslərini çıxarmır” sualına cavabları isə belə oldu: “Bu problemlər taleyin axarına tapşırılıb. Nə qədər məmurlar vəzifəni xalqa deyil, özlərinə xidmət üçün olduğunu düşünəcəklər, biz bu vəziyyətdə yaşayacaq. Həm də bu elə məsələdir ki, gərək bütün kəndlər şikayət etsinlər. Kəndlər isə bir-biri ilə ədavətdədirlər. Əslində, Bakı kəndlərinin əksəriyyəti müxalifətdən güclü bir müxalifətdir. Camaatın daxilində məmurlara qarşı barışmaz bir mövqe var. Məmurlar bu kəndlərdə müxalifət üçün sosial baza yaradırlar. O şərait ki, müxalifətə lazımdır və yarada bilmir, onu elə məmurların özləri yaradır. Həyasızlıqları, ədalətsizlikləri, vicdansız hərəkətləri ilə əvvəl-axır xalqı özlərinə qarşı ayağa qaldıracaqlar”.

Sakinlər Abşeron bağlarında villalar tikdirən məmurların da əhalinin əsas narazılıq obyektləri olduqlarını bildirir: “Onlar milyon dollarlara başa gələn delfinarilər yaradıblar. Həmin nazirlər öz bağlarında saxlamış olduqları itlərinə hər bir Azərbaycan vətəndaşının gündəlik qida rasionuna düşən qidadan artıq yemək yedirdirlər”.

Bakı və ətraf kəndlərdə torpaq probleminin yaşanması da sakinlərin narazılıq etdiyi sahələrdəndir: “Bu gün Abşeron və Bakıda olan torpaqların, burada qeydiyyatı olmayan adamlara paylanması, satılması indidən ciddi münaqişələrə səbəb olacağının göstəricisidir. Yüksək çinli məmurların Maştağa-Buzovna yolunda torpaq sahələri alıblar. Buzovna qəsəbəsinin torpaq fondu demək olar ki, artıq yoxdur.

Abşeron rayonu Azərbaycanın bədənində xərçəng xəstəliyini yayan mikrobdur. Bu rayonun inzibati bölgüsü Xırdalan qəsəbəsində yerləşsə də, onun təsərrüfat sahələri Buzovnaya, Suraxanıya, Ramanıya, Zirəyə, Köhnə Qalaya, Türkan yoluna, Maştağada və Bakının digər kəndlərə aiddir. Məmurlar Mülki Məcəlləni, dövlət başçısının sərəncamlarını bir tərəfə atıb, sadəcə, cinayətlə məşğul olurlar.

Bakı kəndlərində villa tikən məmurlar arasında FHN rəhbəri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, vergilər naziri Fazil Məmmədov, dövlət əmlak komitəsinin sədri Kərəm Həsənov, nəqliyyat naziri Ziya Məmmədov və yüzlərlə yüksək çinli məmurun adı hallandırılır. Dəniz qırağından tutmuş, bütün Buzovna, Maştağa yolunun üstündəki villalarla maraqlansanız, kökü gedib yuxarı çıxar. Elə villaların özü cinayət işidir, əşyayi dəlildir. Amma rəsmiyyətə gəlincə, məlum olur ki, guya bu villanı hansısa qaçqın tikdirib. Və ya Buzovna qəsəbəsinin mərkəzində ağdamlı qaçqınların adından ticarət mərkəzi açıblar. Qaçqının pulu var, villa, market tikdirsin?! Bu villanı tikən xalqı soyan, dövlətin büdcəsini mənimsəyən, korrupsiyaya və rüşvətə uğramış adamlardır. Bilgəhdə, Buzovnada, Nardaranda, Şüvəlanda, Novxanı kəndinin bağlarında bütün məmurların villaları var. Bunun kökündə isə bu gün də Azərbaycanda məmurların gəlirlərinin araşdırılmaması durur. Heç kəs araşdırmır ki, filan nazir filan villanı hansı pulla tikib, onun oğlu 200 minlik maşını hansı pulla alıb.”