Müsahibimiz politoloq Zərdüşt Əlizadədir.
- Zərdüşt bəy, Prezidentin korrupsiyaya qarşı mübarizəyə başlamasına necə baxırsız?
- Ciddi niyyətli tədbirlər olmayacaq. Kiçik adamları cəzalandıracaqlar, amma dövlət başçısının rəhbərlik etdiyi böyük korrupsiya sistemi toxunulmaz qalacaq. Bu onların əsas məqsədidir. Dövləti, vətəni qarət etmək niyyətindən onlar heç vaxt geri çəkilməzlər.
- Müxalifət deyir ki, hökumət korrupsiyanın qarşısını almaq üçün islahatlar keçirməlidir. İslahat deyəndə onlar nəyi nəzərdə tuturlar?
- Onlar hakimiyyətdə olanda heç bir islahat keçirmədilər. Odur ki, hakimiyyətə islahat keçir deyəndə, hakimiyyətə acıq vermək istəyirlər, hakimiyyəti tənqid edirlər, onun cəmiyyət arasındakı mövqeyini sarsıdırlar, amma bu səmərəsiz bir iş olur. Əlbəttə, islahatlar keçirilməlidir, amma bizim hakimiyyət islahatlara getməz.
- Saakaşvili korrupsiya ilə mübarizə aparanda bizim müxalifət onu tərifləyirdi, amma İlham Əliyev mübarizə aparanda niyə ona dəstək olmurlar?
- Saakaşvili korrupsiyaya qarşı gerçək mübarizə aparırdı, bizim hakimiyyət isə görüntü yaradır. Saakaşvilinin vaxtında Nazirlər Kabineti neçə dəfə dəyişdi, amma bizdə Nazirlər Kabineti dəyişməz olaraq qalır. Oliqarx nazirlərdir, büdcədən ayrılan vəsaiti mənimsəyirlər. Yenə də deyirəm, prezidentin korrupsiya ilə mübarizə aparmaq niyyəti yoxdu. Bu, görüntü yaratmaq üçün atılan bir addımdır.
- Media, QHT-lər niyə dəstək vermirlər?
- Hakimiyyətin qəzətləri dəstəkləyirlər, şərh verirlər. Amma müxalifət qəzetləri və müstəqil qəzetlər bu işə şübhəli baxırlar. Bir neçə iqtisadiyyatla məşğul olan QHT-lər var ki, onlar korrupsiya sistemini araşdırırlar. Onlara prezidentin korrupsiyaya qarşı mübarizəyə başlaması lazım deyil ki, bu işdə özlərini göstərsinlər. Onlar korrupsiyaya qarşı mübarizə aparırlar. Rəna Səfərəliyevanın, Azər Mehtiyevin, Rövşən Ağayevin, Qubad İbadoğlunun və Vüqar Bayramovun rəhbərlik etdikləri QHT-lər var ki, onlar həqiqətən korrupsiya ilə mübarizə aparırlar.
- Zərdüşt bəy, ölkədə korrupsiyanın olmaması kimlərə sərf edir?
- Korrupsiyanın olmaması xalqa sərf edir, olması isə korrupsiyadan faydalanan hakimiyyətə sərf edir. Halal zəhmətlə yaşayan insanlara korrupsiyanın olmaması lazımdır, onlar istəyirlər zəhmətləri düzgün qiymətləndirilsin.