Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hacı Azər Cəbiyev və Hacı Fəxri İlyasov Gəncə polis rəisi tərəfindən şərlənərək Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunmuş xlqın sevimli ruhaniləridirlər. Onların vəkili Elçin Namazov mediaya açıqlama verərək fevralın 10-da Gəncə Şəhər Nizami Rayon Məhkəməsində ruhanilərin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətinə baxıldığını deyib.
Onun sözlərinə görə, artıq ruhanilərin sifarişlə həbs olunması bir daha öz təsdiqini tapıb. Vəkil bildirib ki, vəsatət təmin edilməyib: “Vəsatətimizdə qeyd etmişdik ki, həbs edilən ruhanilərin hər birinin 3 azyaşlı uşağı var, yaşayış yerləri məlumdur və istintaqın çağırışlarına gələcəkləri barədə öhdəlik götürürük. Eyni zamanda Ali Məhkəmənin sədri Ramiz Rzayevin məhkəmələrin az ağır cinayətlərə görə həbs qətimkan tədbiri seçməsindən təəssüfləndiyini diqqətə çatdırdım, ruhanilərə qarşı ədalətli olmağa çağırış etdim. Təəssüf ki, hakim ədalətsiz qərar çıxardı.
Həbs qətimkan tədbirinin dəyişdirilməsindən imtina qərarında olduqca gülünc səbəblər göstərilib. Qeyd olunur ki, guya hər iki şəxsin qaçaraq gizlənməsi ehtimalları var. İstintaq hesab edir ki, onların dəfələrlə xarici olkələrə getməsi bu ehtimali yaradan yeganə səbəbdir. Buna etiraz edib dedim ki, hər iki ruhaninin şəxsiyyət vəsiqələri və ümummilli pasportları istintaqdadır. Yəni onların ölkəni tərk etməsi mümkün deyil. Buna baxmayaraq məhkəmə tamamilə qanunsuz mövqe tutub vəsatəti təmin etmədi".
Elçin Namazov qeyd edib ki, qərardan apellyasiya şikayəti veriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır