Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) barələrində ittiham qaldırılan gəncəli ruhanilər Fəxri İlyasovun və Azər Cəbiyevin vəkili Elçin Namazov baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, ombudsman Elmira Süleymanovaya müraciət edib.
Vəkil “Media forum”a açıqlamasında deyib ki, müraciətə səbəb Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayevin onu hədələməsidir: “Ruhanilərin müdafiəsi ilə məşğul olduğuma görə mənə təzyiq edir. Məni Vəkillər Kollegiyasından çıxartdıracağı və həbs etdirəcəyi ilə hədələyir. Rəis tələb edir ki, üzləşdiyim qanunsuzluqları mətbuata danışmayım”.
Elçin Namazov bildirib ki, müdafiəsini təşkil etdiyi şəxslə konfidensial şəraitdə deyil, kamera qarşısında və iki nəfər polisin müşayiəti altında görüşürlər: “Bu, düzgün deyil. Hüquq pozuntusudur”.
Dəfələrlə belə hədələrə rast gəldiyini deyən Elçin Namazov hazırda hədələmələrin bir müdafiəçi kimi onu narahat etmədiyini deyir: “Dəfələrlə belə hədələrlə üzləşmişəm. Lakin istintaqa Rasim Musayevin qeyri-rəsmi nəzarət eləməsi və müstəntiqlərin onun tapşırığına uyğun hərəkət etməsi bizi düşündürməyə bilməz”.
Vəkilin verdiyi məlumata görə, hüquqlarını müdafiə elədiyi hər iki ruhani Gürcüstana gedərkən saxlanılıblar: “Hazırda onların saxlanmasının səbəbi iş materiallarında belə yoxdur. Onlar saxta faktlarla həbs olunublar”.
Hər iki ruhani haqqında yanvarın 18-də Gəncənin Nizami Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib. Vəkil onlardan şikayətçi olanların və hadisənin şahidlərinin polis əməkdaşları olduğunu deyib: “İş materiallarında qeyd olunub ki, Fəxri İlyasov Nizami Rayon Polis Şöbəsi rəisinin başına stul çırpmaq istəyib. Azər Cəbiyev də guya hansısa polis nəfəri ilə dalaşırmış. Başqa bir polis onları sakitləşdirmək istəyib. Bu zaman Azər Cəbiyev ona xəsarət yetirib”.
Fevralın 10-da Gəncə Şəhər Nizami Rayon Məhkəməsində ruhanilərin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi şikayətinə baxılacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır