ABŞ-ın Azərbaycanda uzun müddətdir boş qalan səfir postu nəhayət ki, müvəqqəti də olsa sahibini tapdı. Meytu Brayza dünən ailəsi ilə birgə Bakıya gəib. Amma yeni səfir bir il ərzində Senat tərəfindən təsdiqlənməzsə, vəzifəsinə xitam veriləcək. Çünki M.Brayza Senatın deyil, ABŞ prezidenti Barak Obamanın xüsusi səlahiyyətiylə bu vəzifəyə təyin olunub.
Bəs, Metyu Brayzanın Azərbaycana səfir təyinatından nə gözləmək olar? Bu barədə FaktXeber.com-un sualını politoloq Elxan Şahinoğlu cavablandırıb: “Əslində səfirin Metyu Brayza olması marağı bir qədər də artırır. Çünki böyük gözləntilər var ki, Brayza səfir işləyərkən böyük uğurlar qazanıla bilər. Amma mən bu cür ümidlərlə yaşamıram. Buna səbəb də M.Brayzanın həmsdər işlədiyi dönəmi xatırlamamdır. O həmin vaxt çox çalışsa da bir nəticə əldə edə bilmədi. Əksinə, bəzən elə ifadələr işlədirdi ki, sonradan təkzib etməli olurdu. Azərbaycanda bir söz danışırdı, Ermənistanda başqa söz. Təsadüfi deyil ki, buna görə mən onu “təkzib ustası” adlandırmışdım. Düzdür o gəlməzdən əvvəl açıqlama vermişdi ki, Qarabağ münaqişəsinin həlliə öz töhfəsini verəcək. Amma bu o qədər də mümkün deyil. O səfirdir və bu səlahiyyətlərdən kənara çıxa bilməz, ABŞ-ın həmsədri başqa adamdır. Bundan əlavə unutmaq olmaz ki, Brayzanın səfir kimi səlahiyyətləri Senatda təsdiq olunmayıb. Onun təsdiqinə mane olanlar ermənipərəst Demokratlardır, Respublikaçılar da Senatda azlıq təşkil edirlər.
Ümumiyyətlə götürdükdə isə, onun təyinatı çox çətin zamana düşüb. Çünki iki ölkə arasında çox soyuq münasibətlər var. Obama prezident seçildikdən sonra Azərbaycan prezidentini Amerikaya dəvət etməyib. Bundan əlavə Vaşinqtonda keçirilmiş nüvə toplantısına Qafqazadan sadəcə Ermənistan və Gürcüstan dəvət olunmuşdu. İndi Brayzadan gözlənti odur ki, Vaşinqtonda Qarabağla bağlı məsələlərə diqqəti artıra və iki ölkə arasındakı gediş-gəlişə təsir edə bilər.
Bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, Brayza Azərbaycana həyat yoldaşı Zeyno Baranla gəlib və o ABŞ-dakı bir neçə aparıcı beyin mərkəzində fəaliyyət göstərir. Və Cənubi Qafqazı həyat yoldaşından heç də az tanımır.
Hər halda yazın aylarda Brayzanın nə kimi uğurlar əldə edəcəyini birgə müşahidə edəcəyik.”
Elxan bəyin “Brayzanın səfəri Azərbaycanda siyasi aktivliyi artıra bilərmi” sualına cavabı isə belə oldu: “Hesab etmirəm ki, hər hansı bir fəaliyyət və ya açıqlama, kiminsə təyinatına bağlı olsun. Əlbəttə, Orta Şərqdə çox fəal proseslər gedir. Avtoritar rejimlər bir-birinin ardınca süqut edir. Artıq Qərbdə belə bir anlayış var ki, baxmayaraq avtoritar rejimlər bəzən Qərbin maraqlarını təmin edirlər, amma onlar öz ölkələrində dayanıqlı deyillər. Nu Misirdə bir daha özünü göstərdi. Ona görə də gələcəkdə Qərbdə demokratiya, insan haqları və korrupsiyaya daha çox diqqət yetiriləcəyi gözlənilir. Amma bütün bunların Azərbaycana nə kimi təsir göstərəcəyinə birmənalı cavab vermək çətindir. Bu birbaşa Azərbaycandakı durumla əlaqədardır. Düzdür, Azərbaycanda da demokratiya və korrupsiya ilə bağlı ciddi problemlər var. Müxalifət də güclü olsaydı, məsələlərə təsir edə bilərdi. Səfir öz əlkəsinin maraqlarını və təhlükəsizliyini qorumaqla səlahiyyətlidir. Brayza Azərbaycana gəlməmişdən əvvəl Vaşinqtondakı demokratiya və insan haqlarına köklənmiş bir mərkəzdə ölkəmizlə bağlı fikir mübadiləsi aparıb, amma düşünmürəm ki, onun gəlişi Azərbaycanda demokratik proseslərin inkişafına təkan verə bilər.”