İsrailin Qahirədəki keçmiş səfiri Eli Şaked: "İsrailin narahatçılığı Misirdə sərbəst və demokratik seçkilərdə iqtidarın İslamçı bir partiya tərəfindən ələ keçirilməsidir"
Misirdə kütləvi etirazların davam etdiyi bir vaxtda, bu ölkədə baş verən hadisələrə müxtəlif ölkələrdən fərqli münasibət gəlir. Türkiyə və İran Misirdə xalqın Hüsnü Mübarəki istefaya göndərməsinə dəstək versə də, ABŞ və Avropa Birliyi onun gedişindən sonra yerinə dünyəvi partiya sədrinin təyin olunmasını istəyir. İsrail isə bu məsələlərdə ən yaxın tərəfdaşı olan Hüsnü Mübarəkin devrilməsinin bir mənalı olaraq əleyhinədir.
Mövzu ilə əlaqədar BBC-ə müsahibə verən İsrailin Qahirədəki keçmiş səfiri Eli Şaked, "İsrailin narahatçılığı Misirdə sərbəst və demokratik seçkilərdə iqtidarın İslamçı bir partiya tərəfindən ələ keçirilməsidir. Bu ölkədə qədim və köklü təşkilat olan Müsəlman Qardaşlar Birliyi, bu gedişlə iqtidara gələ bilər. Hazırki vəziyyətdə Mübarəkin nümayişçilərə qarşı apardığı mübarizədə ABŞ-ın nümayiş etdirdiyi mövqe, ona arxadan bıçaq zərbəsi endirməsinə bənzəyir"-deyə bildirib.