Azərbaycan xalqının taleyinə suvanmış Qarabağ problemi çadır şəhərciklərinin gündəmində ikən dövlət siaysəti kimi təqdim edilən diaspor mövzusu büdcədən milyonlar yandırmaqdadır. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn 23-də Heydər Əliyevin məlum Sərəncamı diaspor siyasətində başlanğıc nöqtə oldu.
Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultay milli ideologiya olaraq Azərbaycançılıq ideyasını ortaya qoydu. Xaricdə azərbaycanlı axtardığımız zaman vətən yolunda sinəsini erməni gülləsinə sipər etmiş omonçular yaddan çıxdı – sanki xaricdəkilər azərbaycanlı imiş, daxildəkilər düşmən!
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması növbəti addım oldu.
Bəs ötən illərdə bu komitənin xərclədiyi pulların səmərəsi nə olub.
Rusiya İslam Komitəsinin sədri Heydər Camal Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən dəyirmi masada bildirib:
-azərbaycanlılar sözün tam mənasında diaspor formalaşdıra bilməyiblər
-Rusiyadakı azərbaycanlıların böyük əksəriyyəti mütəşəkkil deyil və həmyerlilər birliyi formasında yaşayırlar
-azərbaycanlıların böyük müsəlman diasporına inteqrasiyası vacibdir.
Sözümüzün canı da elə budur. Azərbaycançılıq fəaliyyətlərində məsələn Təbrizə nə qədər yer verilib? Dünya şöhrətli İslam alimləri, milyonlarla ardıcılı olan şəxsiyyətlərə əyyaş həyat yaşayan bir musiqiçi qədər əhəmiyyət verilibmi?
İranda yaşayan azəri əsilli şəxsiyyətlər heç zaman məmləkətimizin taleyinə biganə olmayıb. Onlar xalqımızın xoş gününə sevinib, ağrılarından üzülüblər.
Bu yaxınlarda Təbriz əsilli böyük təqlid mərcə alimi Ayətullah Sübhani prezident İlham Əliyevə müraciət etdi. Böyük əksəriyyətin müsbət qarşıladığı bu müraciətə bəzi anti-islamçı məmurlar kobud reaksiya verdi. Bir Cəfər Sübhaninin az qala Azərbaycan əhli sayda müqəllidi, fitvasına tabe olan var. Onun ürək yanğısı ilə dediyi sözləri pisliyə yozmaq rəzalətdən başqa bir şey deyil. Alim məhz Azərbaycan dövlətçiliyinə hörmət göstərdiyi üçün bu dövlətin beynəlxalq öhdəçiliklərini ona xatırladır. Yoxsa gümanımız ağzını möhürlədiyimiz, həbsxanalara doldurduğumuz vətəndaşlara gedir. Din alimlərinin səsini yalnız ölüm uddura bilər. Bir ovuc erməninin əlində əsir qalanların isə müctəhid yaxasına əli çatmaz. Din alimləri ilə düşmən arasında milyonlarla fədai müqəlliddən ucalmış keçilməz hasar var.
Daha bir nöqtə..., Xaricdə yaşayan azərbaycanlıların öz əqidəsi, öz baxışı, öz sevgisi var. Onların bir qrupu hətta mövcud rejimdən inciyib vətəni tərk edənlərdir. Bu insanları şablon şüarlar ətrafında toplamaq utopiyadır.
* * *
Bəşər tarixində bütün varlığını insanların doğru yola gəlişinə, hidayətinə fəda etmiş böyük insanlar var. Onlar insanları azğınlıq yolundan qurtarmaq üçün heç nələrini əsirgəməmişlər. Bu zümrənin başında ilahi peyğəmbərlər və onların canişinləri gedir.
Bu insanlardan biri də cənab Ayətullah-üzma Hacı Şeyx Cəfər Sübhani Təbrizidir. Bu fədakar alim bütün ömrünü dini elmlərin təhsili, tədris, dini maarifin təbliği, araşdırma, kitabların tərtib və tərcüməsinə sərf etmişdir. O müasir dövrün tanınmış İslam mütəfəkkirlərindən, fəqihlərindəndir. Ayətullah-üzma Sübhani rical təfsirçisi, ədib mütəkəllim, filosof kimi də məşhurdur. Bu kiçik məqalədə onun dəyərli həyatını ötəri nəzərdən keçirəcəyik.
Böyük ustad Sübhani hicri-qəməri 1347-ci il (miladi 1930) şəvval ayının 28-də Təbrizdə, elm, təqva, fəzilət ocağında dünyaya gəlmişdir. Onun atası təqvalı zahid mərhum Ayətullah Hacı Şeyx Məhəmməd Hüseyn Sübhani Xiyabanidir. O, Təbrizin böyük fəqihlərindən olmuş, ömrünün 50 ilini tədris, tərtib işinə sərf etmiş, insanların hidayəti üçün çalışmışdır. Bu şəxs uşaq yaşlarından dini elmləri öyrənməyə başlamış, sonralar Ayətullah Hacı Seyyid Əbülhəsən Əngəci, Əllamə Şeyx Hüseyn Qaracadağı, Mirza Əli ağa Müncim Lənkəraninin hüzurunda öz biliklərini zənginləşdirmişdir. 28 yaşından başlayaraq dünya şöhrətli Nəcəf alimlərindən faydalanıb.
Müasirimiz olan Ayətullah Sübhani ibtidai təhsilini başa vurduqdan sonra mərhum Mirza Məhmud Fazilin məktəbində ədəbiyyat oxumuş, “Gülüstan”, “Bustan”, “Tarixi möcəm”, “Nisabus-sibyan”, “Əbvabul-cinan” kimi kitabları oxumuşdur. Sonra 14 yaşında Təbrizin Talibiyyə elm mədrəsəsinə daxil olub, müqəddimə və səth dərslərini bu mədrəsədə əxz edib. O, “Mütəvvəl”in bir hissəsini, “Məntiqi-mənzumə”ni, “Şərhi-lümə”ni “Reyhanətul-ədəb” kitabının müəllifi Əllamə Mirza Məhəmməd Əli Müdərris Xiyabaninin hüzurunda təhsil alıb.
Böyük ustad həmin dövrdə iki əsər qələmə alıb: “Meyarul-fikr”, “Muhəzzəbul-bəlağə” 17 yaşlı gəncin qələmindən çıxan bu iki əsər onun parlaq gələcəyindən danışırdı.
Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması, Pişəvəri və Qulam Yəhyanın rəhbərliyi ilə sovetlər birliyinə bağlı hökumətin yaranması təhsil şəraitini mürəkkəbləşdirdi və ustad bu ilahi səfərin davamı üçün Qum Elm Hövzəsinə üz tutdu. Böyük ustad 1947-ci ildə Quma gəldi, mərhum Ayətullah Mirza Məhəmməd Mücahidi Təbrizi və Ayətullah Hacı Mirza Əhməd Kafinin hüzurunda təhsilini davam etdirməyə başladı. O, “Kifayətul-üsul” kitabını mərhum Ayətullah-üzma Qolpayeqanidən öyrənir. Ustad Qumda Ayətullah-üzma Bürucerdi, Ayətullah Hacı Seyid Məhəmməd Höccət Kuhkəməri, Ayətullah-üzma İmam Xomeyni kimi şəxsiyyətlərin elmindən bəhrələnir.
Ayətullah-üzma Sübhani bu günə qədər hər dövrəsi 6 il davam etməklə 5 dəfə üsul dərslərini tam tədris etmişdir. Hazırda 6-cı dövrə tədris edilir. O vaxtlı-vaxtında dəsrlərdə hazır olur, fiqh, üsul, əqidə mövzusunda gözəl bəyanla öz elmini tələbələrə çatdırır. Dərslərdə elmi mənbələrə tənqidi yanaşılır, böyük ustad tələbələrdə araşdırma ruhiyyəsinin güclənməsi üçün səy göstərir. O hətta tələbələrin yazısına da diqqət yetirir. Tez-tez onlara belə tövsiyyə etdiyini eşidirsən: “Buranı abzsadan yazın, bu hissə ilə əvvəlki hissə arasında fasilə saxlayın...” Adətən dərsdən sonra əyləşib tələbələrin suallarını cavablandırır. Çərşənbə günləri məsum imamlardan bir hədis oxuyub onu şərh edir.
Böyük alim şagirdlərinin yaradıcılıq işini diqqətlə izləyir, onların dəftərlərini əlinə alıb nəzərdən keçirir. O, tələbələrin fiqh, üsul, kəlam və tarix mövzusunda yazılarını mütaliə edir, müəyyən düzəlişlərlə çapa verir. Tələbələri yaradıcılığa həvəsləndirən bu xüsusiyyəti ustadı başqalarından fərqləndirir. Hələ azğın şah dövründə gənclər ilahi yoldan çəkindirildiyi bir vaxtda Ayətullah-üzma Sübhani bir sıra alimlərlə həmkarlıq edib “İslam məktəbindən dərslər” adlı jurnal təsis edir.
Cənab Sübhani elmlə yanaşı, ictimai-siyasi mübarizə meydanında da öz bacarığını əsirgəməmişdir. Zalım şah rejiminə qarşı mübarizənin ön sıralarında onun da siması diqqəti cəlb etməkdədir. Qum Elm Hövzəsi müdərrislərinin elanlarında onun da adına rast gəlirik. İnqilabın qələbəsindən sonra Xibrə məclisinin seçkilərində iştirak etmiş, İmam Xomeyninin tövsiyyəsi ilə Şərqi Azərbaycan ustanından nümayəndə olmuşdur. Mərhum Ayətullah Doktor Behişti rəsmi olaraq məclis tribunasından Ayətullah-üzma Sübhaninin misilsiz xidmətlərini dilə gətirmişdir.
Ayətullah Sübhani jurnal nəşr edildiyi dövrdə Qurani-Kərimin təfsirini yazmağa başlamış, mövzu yaxınlığı etibarı ilə ayələri qruplaşdıraraq şərh etmişdir. Onun bu işi ilk dəfə eyni üsulu tətbiq etmiş “Biharul-ənvar” müəllifi Əllamə Məclisinin işinin bir növ davamı sayıla bilər.
Böyük alimin hövzədə dərsliklə bağlı problemlərin həllində də böyük xidmətləri olmuşdur. Qum Elm Hövzəsinin müdiriyyət şurası dərslik problemlərinin həllində Ayətullah Sübhaninin elm və bacarığından faydalanmışdır. Böyük ustad rical, əqaid, firqələr və məzhəblər ixtisasları üçün kitablar tərtib etmişdir. Mütəxəssislərin fikrincə, bu dörd kitabın hər biri öz sahəsində ən üstün sayıla bilər.
17 yaşından yaradıcılıq işinə başlamış böyük alim bir yaradıcı mərkəzin təsisinə zəruri ehtiyac olduğunu hiss edirdi. Elə bir mərkəz ki, orada araşdırmalar aparılsın, müəlliflər bir araya gəlsin, zəngin kitabxana istifadəyə verilsin, araşdırma üçün tam sakit bir şərait yaradılsın. İnqilabın qələbəsindən sonra belə bir şərait yarandı və 1981-ci ildə Qədir bayramı günü İmam Sadiq (ə) adına təlim və araşdırma mərkəzinin açılışı oldu.
Ayətullah Sübhani günün aktual mövzuları olaraq dəqiq beş istiqamət müəyyənləşdirmişdir:
1. İslam mövzusunda, xüsusilə təfsir, hədis və əqidə sahəsində araşdırmalar üçün gənc alimlərin tərbiyəsi;
2. Böyük şiə əsərləri əsasında islami mətnlərin həyata qaytarılması;
3. İslam haqqında müasir kitabların tənqidi;
4. Dini sualların cavablandırılması;
5. İslam mövzusunda kitabçaların nəşri.
İmam Sadiq (ə) mərkəzində gənc alimlər çox münasib bir fəzada öz elmi fəaliyyətlərini davam etdirirlər. Kitabxanada 50 min cild dəyərli kitab mövcuddur. Onun əsas hissəsini ustad Cəfər Sübhaninin mərkəzə hədiyyə olunmuş kitabxanası təşkil edir. Bu kitabxanadan xarici vətəndaşların da istifadəsi üçün şərait yaradılmışdır.
Mərkəzdə kitabxanadan əlavə müasir litoqrafiya sistemi, araşdırmaçılar üçün otaqlar, dərs otaqları, informasiya mərkəzi, nəşriyyat bölməsi mövcuddur.
Ustadın zəhmətləri sayəsində “İslami kəlam” elmi jurnalı da çap olunur. Bu jurnal uyğun sahədə yeni bir addım hesab edilir. Bugünədək “İslami kəlam” jurnalının 62 sayı işıq üzü görüb.
Ayətullah Sübhaninin diqqəti cəlb edən xidmətləri