Xlor...
Saymazlıq çıxmasın, 50 yaşın hənirtisi eşidilən anlarda kimliyimə, etiqadıma, əxlaqıma, yazdıqlarıma ətrafın münasibəti demək olar ki maraq dairəmdən çıxır, Allahın razılığını düşünürəm. Qoy Azərbaycan da, İran da, Turan da bəyənməsin. Təki məni xoşbəxt etmək qüdrətində olan Allahın hüzurunda üzüağ dayanım. Mən dinə zorla itələnmədim, dindən yapışmış əllərimə armaturla döyüldüyü bir şəraitdə onu buraxmadım. Mən İslamı 80-ci illərin əyyaş tələbə həyatının ləzzəti damağımdan getməmiş seçdim. Hələ pianoda “payız gəldi”ni çalanda, tələbə yoldaşların gözləri dillər üstə oynayanda Allahı düşünürdüm. Bu gün dini kəsimə yönəlmiş ittihamlar arasında məni “köhnəpərəst” ittihamı qədər güldürəni yoxdur. Çünki özünü müasir, dini kəsimi istisnasız olaraq “əntiq” sayanların iliklərindəki köhnəliyi, cəhaləti 14 gecəlik ay kimi görürəm. Bu girişi verdim ki, müəllifə yuxarıdan baxmaq istəyən əbləh qaxılıb otursun yerində, jeleli saçının bitini təmizləsin! “Dəvədən böyük fil var” qalsın aşıqlara – hər nədən böyük Allahdır!
Allah istədiyini Qazi və ya Şəhid, istədiyini Müstəbid və ya Leş edir. Boş yerə istəmir Allah – hər bir istəyində hikmət!
Ay Xalq!
Ay Xalq! Sənin başına dönüm, üzüm ayaqlarının altına! Hər addımda təhqir olunur, sillələnir, damlanırsan. Allah insana “səni azad yaratdım, başqasına qul olma” – buyurur. Bəs nədən qorxursan? Gündə neçə yol ölmək olar? Yuxudan ayılandan yuxuya gedənə qədər hər görüş səninçin bir korrida olub. Haqqın barədə düşünəndə qorxursan, onda qalmış ayağa qalxıb tələb edəsən. Demirəm, uçan köşkünü bağla, çıx etiraz et. Bilirəm ki, həmin göyərti köşkündən bir batalyon silah-sursat çıxarıb atanı yandırar, balalarını yetim qoyarlar. Qərəzim başqadır: nə olar ki, ürəyində haqq tərəfdarı olasan, yaddan çıxmış küməndə, yorğan altında haqqı deyəsən? Deyəsən ki, bu ölkənin başında duranlar... Qorxma, özümüzük, eşidən yoxdur. Deyəsən ki, hakimiyyətdə oturanlar cinayətkar, həbsxanadakılar xalq fədailəridir! Məni yandıran sənin kral qabağında rəqsin, seçkilərə süpürgə dəstələri kimi lafetdə getməyin, bir fədai həbs olunanda rejimin böhtanlarına inanıb, “əccəb ediblər basıblar dama” deməyindir. Sən hələ də bilmirsən ki, boynuna sarılmış bu əfi, tərpənişini gözləyir ki, istefa balalasın!
Mən dindaram!
Mən dindaram, özü də fundamentalistindən. Yəni Həzrət Peyğəmbər (s) nə buyurubsa, ona baş əyirəm – xoşum gəlsə də, gəlməsə. Öz istəyini məşuqun istəyinə qurban verməyən aşiq yox, bazdır! Amma başqalarının da aqressivlikdən uzaq baxışlarını namusum kimi toxunulmaz sayıram – aqressiv olmayan! Özüm də oturmuşam Mərkəzi Kəşfiyyat İdarəsində, MOSSAD-da, nə bilim, HEÇZAD-da allergiya yaradan Qumda. Deyirlər məscid, hicab, azan istəyənlər Qumdan qızışdırılır. Demirlər ki, cammat 400 kv-metrlik evini, bağ-bağçasını, cənnət vətənini, qohum-əqrəbasını, dost-tanışını qoyub, əqrəb dolu Qum səhrasında nə axtarır? Bu Qumu cənnətə döndərən bir Peyğəmbər övladının nəşi üzərində qurulmuş “hərəm” deyilən ziyarətgahdır. Yəni ilahi bir eşq ruhiyyəsi susuz səhraları cənnətə döndərib. Amma mənim buz bulaqlı cənnət yurdum iblislərin məkrləri sayəsində cəhənnəmə çevrilib və tərki-vətən olmuşuq. Yəni dindara iran-miran damğası vurulması bir şeyə xidmət edir: Xalqın qanını rahat sorsunlar! Dindar cinayətkar olsaydı, onu öz adıyla tutar, Allah adamlarının evinə silah-sursat atıb şərləməzdilər.
Ay Müxalifət!
Bu gün Sən Müxalifətin istibdab züyçülərinə qoşulub dindarı “İranın adamı” adlandırmağın mənə lap od qoyur. Axı görürsən ki, dünənə qədər biz dindarlar İsrail qədər Türkiyə ilə düşmən idik. Çünki bugünkü Azərbaycan kimi Allahın qanunlarını almışdı diz altına. Türkiyə dəyişdi, bizim münasibətimiz də onunla ayaq-ayağa. İndi Ərdoğanı, sünnə əhlindən olan bir insanı biz şiələr canımızdan artıq sevirik. Eləcə də İran. İrana isti münasibətimiz də İslama xatirdir. Sabah İran dönüb layik olsa, birinci düşməni biz dindarlar olacağıq. Bütün bünları gözəl anlayırsan. Təkrarladım ki, sözümün canına keçim.
İstibdad, klan, nə bilim yaplama... Bunlar açıq-aşkar müxaliflərini əzir, alçaldır. Həbsdə olan müxaliflərin “ulu öndəri” ziyarət etmək şərti ilə azadlığa çıxmasını yada salın. İndi bizim qardaşlar şərlənib, tutulub. Təsbeh-möhürdən başqa bir şey tapılmayan evlərdən bir ordunun silah arsenalını çıxarıblar. Harda olduqları bilinmir. Toka verilirlər, barmaqları qırılır, ya “ulu öndərin” ziyarətinə itələnirlər... bilmirik! Deyirəm, məsələn, sabah (Allah eləməmiş) bir dindar televiziyaya çıxıb “səhv etmişik, bizi İran öyrədib” desə və ya həbsxanadan çıxıb Kişinin ziyarəytinə getsə, şəxsən mən bunu həmin qardaşların qətli kimi dəyərləndirəcəyəm. Onların cismən öldürülməsindən qürur duyaramsa, ruhən öldürülməsindən ölərəm. Bizdə deyirlər ki, anamı söy, azad burax! Budur kimliyimizi alçaldan.
Keçək mətləbə! Mən Xalq Cəbhəsi hakimiyyətdə olanda da MTN-ə çağırılmışam. Amma baş üstündə Allah var, bugünkü təzyiq, şər olmayıb. Çünki Xalq Cəbhəsi hər nə idisə xalqın içindən çıxmışdı, onu mavi xoruz yumurtlamamışdı. Dindən kənarda da xalqın içində həqiqət və ədalət fədailəri olub. Həqiqi, səmimi fədilərin əlindən öpür və əl uzadıram. Bu gün birlik günüdür, bu gün “Şarikovun” İsa Qəmbərə “barmağını qıraram” deməsi məni musavatçıdan az yandırmır. Çünki mən bütün fərqli fikirlərinə baxmayaraq İsa Qəmbəri öz iddialarında səmimi dəyərləndirirəm. Mən İsa Qəmbərlə yoldaş ola bilərəm, amma bir sürü “Mübariz”lə... Yox!
Ey Rəbbim! Düşüncəmizi işıqlandır, haqqı görək, batilin qucağından çıxaq. Bizi tənha buraxma, Sənsən ən üstün Varis!
A. Eyvazov