Artıq şəkk-şübhə qalmadı, Azərbaycanın təhsil sisteminə, dini sferaya məsul dövlət orqanlarına qatı ateistlər, dinsiz-imansızlar rəhbərlik edirmiş. Sovet-ateist dövrünün məmurları onlara əməlli-başlı həsəd apara bilər. Adam hərdən çaşıb qalır ki, bəlkə heç SSRİ çökməyib. Çökübsə, onda inanclı kəsimə, hicaba, azana, Qurana qarşı dövlət səviyyəsində davam edən həqarət, bayrağımızın yaşıl rəmzinə qarşı bunca dözümsüzlük nəylə bağlıdır?
Bakı Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov deyir ki, hicab qadağası üzündən övladlarını məktəbə qoymayan nardaranlıları dövlətçiliyimiz maraqlandırmır. Əsl məhkəmə perspektivi olan ittihamdır, təhqirdir sadəcə. Bayrağımızın yaşıl rənginə sayğı tələb etmək, görəsən, nə vaxtdan dövlətçilik əleyhinə hərəkət olub, bu, nə idbar yanaşmadır belə?
Bu şəxs paytaxtda problemi faktiki bitmiş sayır. Hərgah 400-ə yaxın şagirdin hicaba görə dərslərdən kənarda qaldığını bildirir. Yəni əslində problem qapanmayıb. Nə bu, nə də digər problem qapanmayacaq ta o vaxtadək ki, ölkə rəhbərliyi üzünü imza atdığı beynəlxalq insan haqları konvensiyasına, konstitusiyaya tutacaq.
Bəs deyirdilər, hicab məktəblərin daxili işidir, məsələ təhsil qanununa müvafiq olaraq hər orta məktəbin nizamnaməsi ilə tənzimlənəcək. Yəni bir nəfər imanlı direktor tapılmadı ki, nizamnaməni müsəlman kəsimi qane edəcək şəkildə tərtib eləsin?! Bütün məktəblərdə baş örtüsü yasaq ediləcəkdisə, elə qanunda yazaydınız ki, “şagirdin orta məktəbə hicabda gəlməsi yasaqdır”. Hamı da öz işini biləydi.
Yaza bilməzdiniz! Çünki bu, qüvvədə olan konstitusiya bir yana, təməl insan haqlarına da daban-dabana zidd olardı. Amma indi belə çıxır ki, Azərbaycanda hicab həm yasaqdır, həm də yox. Odur ki, lütfən, hamı olduğu kimi görünsün, daha biriləri başına əmmamə qoyub Qurandan, Peyğəmbərdən moizə oxumasın. Siyasi rəhbərlik də xalqla gizlənqaç oyununa son qoysun...
“Azərbaycanda dini etiqad azadlığı tam qorunur, tolerantlıq gündən-günə möhkəmlənir. Kimsə dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır”. Bu da el içində “anti-dini komitə” kimi tanınan qurumun sədri Hidayət Orucovun sözləridir. Yoldaş Orucov da eyni qənaətdədir: ölkədə hicaba qadağadan söhbət gedə bilməz. Bu boyda vur-çatlasının mahiyyəti adama çatmayıbmış. Qadağanın saqqalı olur bəyəm, Hidayət bəy?
Komitə sədri narazılara yarlıq da yapışdırıb: “Hicaba etirazçıların dinlə heç bir əlaqəsi yoxdur. Onlar Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldur”.
Əhsən. Hicabı, vicdan azadlıqlarını müdafiə edənlər, o cümlədən “Yeni Müsavat”, hüquq müdafiəçiləri, siyasilər, iman adamları, Qərbdəki ünlü təhsil ocaqlarının rəhbərləri dinsiz, təxribatçı imiş, yoldaş Orucov və onun məsləkdaşları isə əsl Allah adamı!
Azərbaycanda dini tolerantlığın fontan vurduğunu iddia edən bu “Allah adamlarına” bircə sual: necə olur ki, İslam Partiyasının sədri 20 gündür tutulub, amma ölkə boyu islamçıların evindən hər gün (özü də eyni ünvandan - yardımçı təsərrüfatlardan, yəni tövlədən, təndirxanadan) və eyni çeşiddə (!!) silah-sursat tapılır? Nə təhər olur axı, möminin özü yas mərasimində, xanımı isə tövlədə inək sağarkən otun altında trotil şaşkasi aşkarlanır? “Təxribatçı” dindarların ağlına gəlmədimi ki, bu qədər vaxtda tövlələrini “abıra” salsınlar?
Gəldi təbii, amma bizim şanlı polisimizin, “günahsızlıq prezumpsiyası”na tüpürən istintaqçılarımızın qabiliyyətinə də gərək kimsə şəkk eləməsin. Onlar istəsələr, “Kapital”ı yazdığını da sənin boynuna elə qoyarlar ki, ruhun belə inciməz (maraqlıdır ki, dünən Bakıdakı Qərb diplomatları İslam Partiyasının təmsilçiləri ilə görüşüblər).
O ki qaldı demokratik mühitə, Azərbaycanda demokratiya varsa, onda demokratik dünyanın azadlıq tələb etdiyi jurnalist niyə bu günədək həbsdədir, onun ailəsinə çatacaq təzminat min bəhanə ilə sahibinə verilmir? Bizdə demokratiya varsa, nədən Avropa Şurası siyasi məhbuslar üzrə məruzəçisi təyin edib və o ölkəyə heç buraxılmır da? Demokratiya, dünyəvilik budusa, şagirdləri boynunda xaç, başında hicab məktəbə gələn Qərbdəki, Avropadakı idarəçilik sistemi nədir bəs?!
“Ancaq xalqımız ağı qaradan seçməyi yaxşı bacarır, həqiqi dindaşını təxribatçıdan ayırmağı bilir”. Bax, Hidayət bəyin bu sözlərinin altından məmnuniyyətlə imzamızı qoyur, Allah yolundan sapmışlara isə HİDAYƏT olma arzu edirik...
Zahid Səfəroğlu
Musavat