Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yanvarın 11-də Quba şəhərindəki evindən silah tapıldığı deyilən, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevi polis saxlayıb.
Yanvarın 13-də “Media forum” saytına açıqlama verən Firdovsi Məmmədrzayevin həyat yoldaşı Mətanət Məmmədrzayeva deyib: “Dünən Bakıdan qayıdandan sonra Firdovsini evin həyətində polis saxladı. Bizə dedilər ki, hələlik onu bir günlük Quba polisində saxlayacaqlar. Bu gün axşam onu Bakıya aparmalıdırlar”.
Firdovsi Məmmədrzayev və həyat yoldaşı polis evdə axtarış apararkən Bakıda həkimdə olublar: “Dünən səhər saatlarında Qubaya döndük. Biz Bakıda olanda Quba polisindən Firdovsiyə zəng gəldi ki, haradasan? Firdovsi Bakıda olduğunu, tez zamanda qayıdacağını dedi. Lakin az keçmədi ki, evdə qalan ortancıl oğlum zəng elədi ki, ata, evə polis gəlib, deyir axtarış aparmaq istəyirik.
Oğlum danışır ki, əvvəl dörd-beş nəfər içəri girdi. Onlar birbaşa bizim yataq otağımıza girib. Otağın bir tərəfində yorğan-döşək yükü yığmışam. Silah dedikləri də həmin yükün üstündən çıxıb. Halbuki mən səhər tezdən həmin yükü yığıb evdən çıxmışam. Evimdə yeniyetmə, həmçinin körpə uşaq var. İkiotaqlı, dar mənzildə mən, yaxud həyat yoldaşım silah, qumbara necə saxlaya bilər?
Oğlum danışır ki, yataq otağına girən polis tez də geri qayıdıb və bundan sonra yaxınlıqda qohum-əqrəbadan kimin yaşadığını soruşub. Belə başa düşürük ki, polis özü silahı içəri qoyub və çıxıb. Oğlum əmisini çağırandan sonra polis guya əsl axtarışa başlayıb. Bu zaman evə o qədər polis tökülüb gəlib ki... Qonşular deyir ki, polis maşını və polis nəfəri əlindən küçədə tərpənmək mümkün olmurdu”.
Mətanət Məmmədrzayeva mənzilində elə də dərindən axtarış aparılmadığını deyib: “Sadəcə, oranı-buranı eşələyiblər. Guya divanın altına baxıblar. Şkaflara baxıblar. Sonda da sarafandakı silah-sursatı qonaq otağındakı stolun üstünə qoyublar ki, tapdıq. Əvvəl oğluma, əmisinə şahid kimi imza atmalarını tələb ediblər. Amma onlar razı olmayıb, şahid durmayıblar. Məcburən qonşulara imza atdırıblar.
Əgər mən silah saxlayanamsa, onu niyə yükün üstünə qoyub Bakıya gedirdim? Onu zirzəmidə, daha gizlin yerdə gizlədərdim də... Ya o qədər avamıq ki, Mövsüm bəyin saxlandığını görüb mənim də evimdə axtarış aparılacağını əvvəlcədən proqnozlaşdıra bilmədim? Silahı aparıb gizlədərdim də, onu açıqda niyə qoyurdum axı? Bu haqsızlıq və ədalətsizlikdir, mömin bir şəxsə böhtan atırlar”.
Rəsmi məlumata görə, Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilib götürülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır