9 yanvar 2011 - 20:30

Müsavat Partiyası hakimiyyətdən tənqidlərə dözümlü yanaşılmasın, repressiyalara son qoyulmasını və həbs olunanların dərhal azad edilməsini tələb edib

Əhli-Beyt xəbər agentlikinin verdiyi xəbərə əsasən: Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlikdə qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyət dair məsələlərə baxılıb. Gündəliyin partiyadaxili məsələ bölümündə əsas müzakirə Müsavat Partiyasının 100 illiyi ilə bağlı olub. Qeyd edilib ki, bu məqsədlə yaradılmış geniş tərkibli təşkilat komitəsinin hazırladığı yubiley tədbirlərinin həyata keçirilməsi yönündə tezliklə konkret addımlar atılacaq.

Partiyanın qurultayına hazırlıqla bağlı da məsələ müzakirə edilib. Bu həftə ərzində qurultaya hazırlıq üzrə təşkilat komitəsinin toplantısı keçiriləcək, həmin toplantıda iş bölgüsü aparılacaq və qurultaya hazırlıq çərçivəsində görüləsi işlər müəyyənləşdiriləcək.

İctimai-siyasi vəziyyətə dair bölümdə başqan İsa Qəmbər İctimai Palatanın Koordinasiya Şurasının ilk toplantısı haqqında məlumat verib.

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov və Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlının həbs olunmaları haqda da müzakirələr aparılıb. Divan hesab edib ki, onların həbs olunmalarının elan olunmuş rəsmi ittihamla əlaqəsi inandırıcı deyil. Həmin şəxslər son zamanlar mətbuatda və bir sıra tədbirlərdə iqtidar əleyhinə söylədikləri kəskin tənqidlərə görə həbs ediliblər. Müsavat Partiyası hakimiyyətdən tənqidlərə dözümlü yanaşılmasın, repressiyalara son qoyulmasını və həbs olunanların dərhal azad edilməsini tələb edib.

Divan Tehran-Urmiya reysini həyata keçirən “Boeing-727” təyyarəsinin Cənubi Azərbaycanın Urmiya şəhərində qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə, yaxınlarına başsağlığı verib və yaralılara şəfa diləyib.

Sonda cari məsələlərə baxılıb.