9 yanvar 2011 - 20:30

Sərdar Cəlaloğlu: "Mən Azərbaycan hüquq-mühafizə orqanlarının iş təcrübəsindən bilirəm ki, onlar istəsələr adamın cibindən lap tank da çıxararlar"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib : "Mən Azərbaycan hüquq-mühafizə orqanlarının iş təcrübəsindən bilirəm ki, onlar istəsələr adamın cibindən lap tank da çıxararlar"

2011-ci ilin ilk iki həftəsi həbslərlə yadda qaldı. Ölkənin ən nüfuzlü din xadimləri ardıcıl olaraq həbs olundu. İctimai-siyasi həyatda kifayət qədər tanınmış ziyalı, dindar və ictimai təşkilat və partiya liderləri ardıcıl olaraq həbs olunmağa başladılar. Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun ölkə hakimiyyətini tənqid edən çıxışı bütün prosesləri sürətləndirdi. AİP sədri Mövsüm Səmədov və aralarında 10-a yaxın tanınmış ruhani olmaqla 50-ə yaxın inanclı şəxs polis tərəfindən saxlanılıb. 

Ölkədə dindarlara qarşı aparılan represiya ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludan münasibət öyrəndik. ADP sədri də ölkədə dindar kəsimə qarşı olan təzyiqləri pislədi və bu hadisələrin vaxtikən yerli müxalifətə qarşı da aparıldığını bildirdi. "Demokratik qüvvələrin ölkədə sıxışdırılması ona gətirib çıxarıb ki, əhalinin narazı təbəqəsi daha çox dindarların ətrafında birləşib. Açıq-aşkar biz də müşahidə edirik ki, dini qurumlar və təşkilatlar kifayət qədər aktivləşərək real gücə çevrilib. Təbii ki, bu hadisələrin fonunda hakimiyyət dini kəsimlə üz-üzə qalmaqdan çəkinir. Və əvvəllər demokratik müxalifətə atılan addımlar bu gün dini müxalifətə qarşı atılır. Bu səbəbdəndir ki, ölkədə dindarlara qarşı represiyalar aparılır və müxtəlif tədbirlər görülür. Mən Azərbaycan hüquq-mühafizə orqanlarının iş təcrübəsindən bilirəm ki, onlar istəsələr adamın cibindən lap tank da çıxararlar. Bu üzdən Daxili İşlər Nazirliyinin AİP sədri Mövsüm Səmədovla bağlı verdiyi açıqlama və aşkar olunan silahların partiya sədrinə məxsus olması ziddiyətlidir. Hər-Halda bu istiqamətdə Mövsüm Səmədovun vəkilinin və müdafiə komitəsinin mətbuata aşkar olunanlarla bağlı rəsmi məlumat verməsini də məqsədə uyğun hesab edirəm. Çünki hüquqşünaslar aparılan istintaq zamanı baş verən qanunsuzluqları aşkar edir və ictimaiyyəti bu barədə məlumatlandırır"-deyə ADP sədri FaktXeber.com-a münasibətində bildirib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludan həmçinin əlavə edib ki: "Biz bilirik ki, uzun illərdir Azərbaycanda siyasi partiya mənsublarını cibindən tapanca və narkotik tapmaqla həbs edirlər və bu artıq adi hala çevrilib. Əvvələr müxalifətə qarşı istifadə olunan metodlar, hazırda dindarlara qarşı tətbiq olunur".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.