Hazırda əlimdə iki protokol var:
1. ”Baxış keçirilməsi haqqında protokol” (Cəlilabad şəhəri, 15 avqust, 2001)
2. “Baxış keçirilməsi haqqında protokol” (Cəlilabad şəhəri, 16 avqust, 2001)
Bəli, eyni ünvanda bir gün axşam və həmin günün səhəri sübh çağı axtarış.
Birinci axtarışda kitabxanama heyran qalan axtarış qrupunun əməliyyat rəisi S.Umarov fikrə gedir və ortada oyun olduğunu anlayıb, dərhal mənzili tərk edir. Bakıya xəbər çatır ki, A. Eyvazovun evində axtarış aparılıb və “şübhəli predmetlər aşkarlanmayıb”. Həmin vaxtın əməliyyat rəisi “Hacı” Səyavuş dərhal ikinci axtarış üçün göstəriş verir. İkinci axtarışa əməliyyat rəisi M. Əsgərov başçılıq edir. Ötən gün Umarovun tapa bilmədiklərin Əsgərov “tapır”: Makarov tapançasına məxsus 6 ədəd boş giliz! A. Eyvazov isə hələ bir gün əvvəl “hüzür məclisində polisə müqavimət” ittihamı ilə həbs edilir.
A. Eyvazov (bu sətirlərin müəllifi) Təhlükəsizlik Nazirliyinin əsas binasında baş əməliyyat rəisi “hacı” Səyavuşla görüşərkən ona təşəkkür edir! Rəis təəccüblənir və səbəbini soruşur. A. Eyvazov təbəssümlə cavab verir: “Sağ olun ki, mənzilimdən narkotika “aşkarlamadınız”. Silahın eybi yoxdur. Mənim silahım qələm olsa da, bu “hörmətinizdən” razıyam – kişinin evindən silah çıxar! Bu məlumatı oxuyanda “hacı” Səyavuş ( ya dostu cənab Telman) qıcıqlansa, unutmasın ki, “bir gündə iki protokolun” əslini məndən zorla alsalar da, onların surətini 10 ilə yaxındır saxlayıram. Əməliyyat rəisləri haqqında başqa kompromatlar da az deyil.
* * *
Ötən gün Hacı Mövsüm polisə müqavimət itiihamı ilə həbs edildi – məşhur priyomdur. Bu günsə xəbər yayıdı ki, AİP sədrinin dükanından (?) silah-sursat tapılıb – bu da məşhur priyomdur.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Mərdan oğlu Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı nazirliyə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Dəyənət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülüb.
Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılmışlar.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar aparılır.
* * *
Hacıcan (Mövsüm)! Bizim getdiyimiz yol eyş-işrət, ad-san, var-dövlət yolu deyil, onun bu gün yaşadığın ağrıları var. Allah qəbul eləsin. Amma əməliyyatçılara da bir sağ ol deməyi unutma. Sağ olsunlar ki, ayağına narkotika yazmadılar. Bu kiçik hörmət deyil. Hər kimin silahı olur olsun, kişinin silahı olar! Əlbəttə ki, bunlar bir zarafatdır. Bir gün hamı, hamı, hamı… lap başdakılar da, əməliyyatçılar da zərrə-zərrə cəzasına çatacaq. Həmsöhbəti Allah olan din yolçusunu şərləyib ayağına silah yazmaq kiçik günah deyil. İradəmizi qırmaq üçün bizi saldıqları təkadamlığın ən vahiməlisi onların intizarındadır: qəbir-təkadamlıq! O təkadamlıqdan geriyə yol yoxdur, ölməklə də qurtarmaq olmur. Səbrin artıq!
Hacı Arzu