7 yanvar 2011 - 20:30

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Azərbaycan İslam Partiyasının (AİP) fəallarının saxlanması ilə bağlı məlumat yayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Azərbaycan Daxili İşlər Nazirliyi İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsi ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Mərdan oğlu Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı DİN-ə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıblar. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

Bakı şəhər Baş Polis İdarəsi Azərbaycan İslam Partiyasının fəallarının saxlanmasına aydınlıq gətirib

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının (AİP) fəallarının saxlanması ilə bağlı məlumat yayıb.

BŞBPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, AİP sədri Mövsüm Səmədov tərəfindən terror aksiyası hazırlanması barədə BŞBPİ-yə daxil olmuş məlumat əsasında yanvarın 7-də həyata keçirilən əməliyyat tədbirləri ilə sonuncu Nərimanov rayonu ərazisində avtomobillə hərəkət edərkən saxlanılıb. Bu zaman M.Səmədov və avtomobildə olan sərnişinlər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə gətirilən Mövsüm Səmədov, onunla birlikdə olan Vaqif Abdullayev, Elçin Həsənov və Hüseyn Kazımov barəsində rayon məhkəməsi tərəfindən inzibati həbs-tənbeh tədbiri tətbiq edilib.

Hazırda Mövsüm Səmədovun hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə respublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və belə hərəkətlərin törədiləcəyi ilə hədələməsi faktının araşdırılması üzrə zəruri əməliyyat tədbirləri aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.