Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan İslam Partiyası bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən daxil olan bəyanatda deyilir:
“Son zamanlar Azərbaycanda İslama qarşı atılan addımlar müsəlman Azərbaycan xalqının ciddi narazılığına səbəb olub.
Bu addımlardan biri isə son günlər Təhsil Nazirliyi tərəfindən hicab qadağası ilə əlaqədar atıldı. Təhsil Nazirliyinin bu qeyri-qanuni addımına qarşı bu gün nazirlik binası qarşısında kütləvi aksiya keçirilib.
Aksiyada təqribən 1000-dən çox adam iştirak edib və sonda polis zorakılığı ilə dağıdılıb. Polislər aksiya iştirakçılarına qarşı dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə ediblər, insanlar vəhşicəsinə döyülüblər.
Aksiya bitdikdən sonra evlərinə dönənlər yol boyu polis tərəfindən saxlanılıb və 100-dən çox insan Polis İdarələrinə aparılıblar.
AİP olaraq vətəndaşların sərbəst toplaşma hüququndan istifadə edərək öz hüquqlarını müdafiə etmək üçün etiraz aksiyasına çıxan vətəndaşlara qarşı baş vermiş polis zorakılığını qətiyyətlə pisləyir və həbs olunan vətəndaşların tezliklə azadlığa buraxılmasını tələb edirik.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.